Müasir dövrdə yetərincə maraq çəkən əşyalar sırasında smart, yəni ağıllı saatlar da var. Smart saatlarda ildən-ilə xeyli dəyişikliklər, irəliləyişlər baş verir. Bu saatlarla bir çox funksiyanı yerinə yetirmək mümkündür: zəngləri qəbul etmək, mesajları oxumaq, ürək ritmini, qaçış məsafəsini hesablamaq və digər əlavə işlər görmək. Elə bu səbəbdəndir ki, smart saatlardan müxtəlif yaşda insanlar istifadə edirlər.
Turxan Əhmədov- şəhər sakini: “Mən özüm də ağıllı saat istifadə edirəm. Bir çox funksiyası var, işimə yarayıbdır. Mesaj gəlməsi üçün, ürək döyüntüsü, yuxu saatı üçün çox əlverişlidir, özüm də istifadə edirəm. Məncə bir ziyanı yoxdur, çünki özüm də istifadə edirəm, qolumda da yatıram, həmişə yanımda olub. Yəni məncə, bir ziyanı yoxdur”.
Nizami Şıxzamanov- şəhər sakini: “Ağıllı saat işlədirəm, içində funksiyaları çoxdur, gəzəndə addımları sayır, ürəyin döyüntülərini, hamısını ölçür. Gəzintidə çox kömək edir. Misəl üçün, idman edəndə vaxt qoyursan, velosiped sürəndə, dağa qalxanda, maşın sürəndə belə kilometr hamısı göstərir. Ağıllı saatdır”.
Əli Məmmədov- şəhər sakini: “Ağıllı saat eşitmişəm, uşaqlarım istifadə edir. Deyirlər ki, addım ölçür, zəng gəlir, zəng gedir. Bu barədə bir az eşitmişəm. Zərərli olmağını mütəxəssis bilər. Əgər telefon kimidirsə, yatanda açsa yaxşıdır”.
Heydər Hüseynli- şəhər sakini: “Mən özüm də bir idmançı olaraq ağıllı saatlardan istifadə edirəm. Misal üçün qaçanda ağıllı saata baxırsan, orda göstərir neçə kalori yandırırsan, nə qədər qaçırsan, addımlarını hesablayır. Çox xeyirli bir şeydir. Zərərini bilmirəm, amma məncə yatanda taxmaq məsləhət deyil. Yəni çətin bir şey deyil çıxarıb, qırağa qoymaq”.
İndi ağıllı saatlar qanda oksigenin səviyyəsini ölçür, ürək döyüntüsünü izləyir və hətta bizə gündəlik içməli olduğumuz suyun miqdarını bildirir. İnsanlar yatanda belə bu saatları qollarından çıxarmamağa üstünlük verirlər. Yəni ağıllı cihazlar ayrılmaz və sevimli əşyaya çevrilib. Mütəxəssislər isə bu saatların faydaları ilə yanaşı, mənfi cəhətlərə malik olmasına diqqət çəkirlər.
Tünzalə Haqverdiyeva- həkim: “Gənclər həmin saatlarla gecə yuxularında da qollarında yatırlar ki, gecə ərzində, gün ərzində ürək döyüntülərimiz nə qədər olub, nəfəs nə qədər almışıq, hətta onlar stresslərinin səviyyəsini də bununla ölçürlər. Bu gənclər smart saatları bütün gün ərzində qollarında saxlayırlar, bu şüalarla şüalanırlar. Bu şüalar onların qulaqlarına, eşitmə qabiliyyətinə, gözlərinə təsir göstərir. Bəzən insanlarda müxtəlif onkoloji xəstəliklərin yaranmasına səbəb olurlar. Hamilə qadınlar ümumiyyətlə belə saatlardan istifadə etməməlidir, əsas körpə uşaqlara qəti qadağandır belə saatlardan istifadə etmək”.
Üstəlik bu saatların sağlamlığımız haqqında verdiyi məlumatların hər zaman doğru olmama ehtimalı da mövcuddur. Odur ki, mütəxəssislər bunu da nəzərə alaraq, cihazlardan istifadə müddətinə məhdudiyyət qoymağı tövsiyə edirlər.
Pərvin Abbaszadə
- Baxış: 245