• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 15.12.2023 20:14

Silinən piyada zolaqlarının yaratdığı təhlükə

KepezTV Player

Gəncənin bir çox küçə və prospektlərində piyadalar üçün çəkilən zolaqların rəngi solub, ya da ümumiyyətlə xətlər silinib. Yaranmış vəziyyət piyadalarda çaşqınlıq yaradır və təhlükəyə səbəb olur. Çünki piyada zolağının olduğunu bildirən nişan olsa da, yolu keçmək üçün xətlər yoxdur. 

Ramal İbrahimov- şəhər sakini: “Məktəblərin qarşısında piyada zolaqlarının olmaması əlbəttə ki, uşaqlar üçün təhlükəsi çox pisdir. Var, amma silinibdir, daha yaxşı olardı ki, elə piyada keçidlərinə, yollara tramplin qoyulsun, qanuni olaraq. Tramplin qoyulsa daha yaxşı olardı. Həm də yenilənməsi, yol işarələrinin qoyulması daha gözəl olardı”.

İsmayıl Əlili- şəhər sakini: “Gəncə şəhərində məktəblərdə, universitetlərin qabaqlarında çoxunda piyada keçidləri silinib. Ona görə də bu amil qəza ilə nəticələnə bilər”.

Hüseyn Vəliyev- şəhər sakini: “Məncə narahatçılıq var. Mən misal üçün, piyada keçidindən istifadə etmək istəyirdim. Amma keçidin olmaması, xətlərin silinməsini sürücülər görməyə bilər və buna görə də saxlamaya bilər. Heç olmasa bu, bir mesajdır, həm piyadaya, həm da ki sürücüyə. Düzdür, piyada keçidi işarəsi var, amma bunu görməyə bilərlər. Bu baxımdan olmasa yaxşı olardı. Təsadüfən silinibsə, yağış və ya digər bir hala görə silinibsə bunun mütəmadi olaraq yenilənməsi və rənglənməsi yaxşı olardı”.

Əli Əhmədov- şəhər sakini: “Mən nə bilim burada keçid var, ya yox. Keçdim, maşın da gəldi vurdu. Əsas budur. Hər ikisinə təhlükə yaradır. Sürücüyə də təhlükəlidir, piyada keçidindən keçən insanlara da təhlükəlidir”.

Aydın İbrahimov- şəhər sakini: “Gəncə şəhərini götürsək, silinmiş piyada keçidiylə bağlı problemlər həqiqətən də çoxdur. Bunlar təzələnsə, elə yerlər var ki, piyada keçidlərinə həqiqətən də ehtiyac duyulur. Məktəbləri götürsək, orda əlbəttə ki, azyaşlı uşaqlar, məktəblilər yolu keçəndə, ya valideynlər olanda həqiqətən də çox təhlükə yaradır. Amma piyada zolaqları olsa, sürücülər də əvvəlcədən bilər ki, burdan adam keçə bilər”.

Piyadalar üçün təhlükə yaradan bu hal qəzaların da baş verməsini qaçılmaz edir. Bəzən sürücülərin diqqətsizliyi, sürət həddinin aşılması kimi amillərin üzərinə piyada zolaqları ilə bağlı yaranmış vəziyyəti də gəldikdə xoş olmayan halın yaşanması qaçılmaz olur. Odur ki, sükan arxasında əyləşənlər də zolaqların silinməsinə rəğmən, müvafiq nişanın tələbinə əməl etməlidirlər.    

Eldəniz Bəylərov- sürücü: “Şoferlər üçün də təhlükəlidir, sərnişinlər üçün də təhlükəlidir. Ordakı piyada zolağı görünmür. Görün, görünür gələndə? Ya dəyməyəsən, ya yavaşlayasan. 60 sürətlə gəlirsən, görürsən ki, yerdə nəsə balaca görünməyən xətt var”.

Fəridə Əliyeva- sürücü: “Uşaqlar üçün əslində çox narahatçılıq yaradır. Bizə də təhlükə yaradır. Piyada keçidinin silinməsi əslində uşaqlar üçün çox təhlükəlidir. Mən də bir sürücü kimi hər yerdə piyada zolağı görünsə, bilinsə daha yaxşı olar. Qəzalar da az baş verər, uşaqlarımızın da həyatı təhlükədə olmaz. Ən azından mən də bir valideyn kimi istərdim ki, hər yerdə piyada zolaqları görünən formada olsun”.

Əziz Abbasov- sürücü: “Fəsadları odur ki, qəza ola bilər, məktəbin qabağıdır, uşaqları maşın vura bilər. Belə olmaz, bərpa olunmalıdır. Görünmür və saxlayırlar üzərində, o da bir təhlükə yaradır, keçidə maneə olur”.

Mövzu ilə əlaqədər DİN-dən bildirildi ki piyada zolaqlarının yenilənməsi işləri mütəmadi olaraq aparılır. Görülən tədbirlər yol hərəkətinin iştirakçısı olan piyadaların təhlükəsizliyinin təmininə və məsuliyyətinin artırılmasına xidmət edir.

Eşqin Qasımov- DİN-in mətbuat xidmətinin əməkdaşı: “Gəncə şəhərinin inzibati ərazisində hərəkətin sıx olduğu yerlərdə piyadaların təhlükəsizliyinin təmin olunması üçün piyada xətləri mövcuddur. Əfsuslar olsun ki, şəhərin bəzi yerlərində piyada xətlərinin pozulması və ya korlanması da müşahidə olunur. Buraya həmin ərazidə kommunikativ işlərin aparılması, infrastruktur layihələrinin aparılması və hava şəraitləri də daxildir. Polis əməkdaşları bunu müşahidə edərkən dərhal aidiyyəti üzrə qurumlara müraciət olunur və həmin piyada xətləri yenisi ilə əvəzlənir”.

Yekun olaraq belə qənaətə gəlmək olar ki, piyada zolaqlarının diqqətdən kənarda qalması hamımız üçün olduqca narahatedici haldır. Ümidvarıq ki, aidiyyəti qurumlar məsələni tez bir zamanda diqqətə alıb, lazım olan işləri görərlər. Əks halda, qəzaların baş verməsi qaçılmaz ola bilər. 

Pərvin Abbaszadə