Azərbaycan idman ölkəsidir və gənclərimiz öz istedadlarını dünyanın hər yerində nümayiş etdirib. Bu gün güləş üzrə bir çox nailiyyətlər əldə etmiş istedadlı gəncimiz Ayxan bəyi tanımağa gəlmişik.
İdmanın ən qədim növlərindən olan güləş iki nəfərin əl-ayaq vasitəsilə digərini arxası üstə yıxmağa cəhd etməsidir. Hazırda Azərbaycan gəncləri güləş üzrə bir çox nailiyyətlər əldə edib. Onlardan biri də 6 yaşından bu idman növü ilə məşğul olan istedadlı gəncimız Ayxandır və o, hazırda Azərbaycan yığma komandasının üzvüdür.
Ayxan Abdullazadə- sərbəst güləçi: “Sərbəst güləş idman növünə 6 yaşımda atamın vasitəsilə başlamışam. Atam özü də güləş müəllimidir. İlk nailiyyətlərimi beynəlxalq yarışlarda qazanmışam. Və indiyə qədər bir çox yarışlarda iştirak etmişəm. 2023-cü ildə isə “Böyüklər arası Azərbaycan birinciliyi”ndə bürünc medal qazandım. Bu qələbəmlə Azərbaycan yığma komandasının üzvü seçildim. Mart ayında 23 yaşlıların Avropa yarışında iştirak etdim. Avqust ayında isə Belarusiyanın Minsk şəhərində ikinci MDB oyunları keçirildi. Bildiyiniz kimi, mötəbər yarışlardan biri idi. Və bu oyunda erməni idmançısına qalib gələrək, finala vəsiqə qazandım. Növbəti yarışlarda məqsədliyəm ki, qızıl medal qazanım. Və çox səylə çalışıram. Qarşıda isə Azərbaycan birinciliyi var və bu yarışda qalib gələcəm”.
Ayxan bəy bizə gələcək arzularından danışdı və gənclərə tövsiyyələrini verməyi də unutmadı.
Ayxan Abdullazadə- sərbəst güləçi: “Gələcək arzularım hər idmançının olduğu kimi, Olimpiya çempionu olmaqdır. Və bu arzuma çataraq ailəmi, dostlarımı və vətənimi qürurlandırmaq istəyirəm. Gənclərə tövsiyəm olardı ki, idmanla məşğul olsunlar. Sağlam bədəndə, sağlam ruh olar. Özlərini inkişaf etdirsinlər. Fərqi yoxdur, bu idman sahəsində də ola bilər, başqa sahədə də. Əsas odur uğurlu olsunlar”.
Son olaraq, gəncimizə daim Azərbaycan bayrağını yüksəklərə qaldırmasını və gələcək nailiyyətlərində uğur qazanmasını arzulayırıq.
Fidan Qədimova
- Baxış: 243