• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 02.12.2023 19:51

Kitab mədəniyyətinin xatirələrə köçməsi təəssüf doğurur

KepezTV Player

Gəncədə uzun illərdir kitab mağazalarında çalışanlar son vaxtlar oxucuların sayının nisbətən artdığını bildirir. Amma artımın belə 20-25 il qabaqla müqayisədə qat-qat aşağı olduğu gerçəklikdir.

Qənirə Abbaszadə- kitabxanaçı: “Əvvəlki illərə nisbətən indi tələbat daha çoxdur. Gənclər gəlirlər kitabxanalarla maraqlanırlar, sifariş edirlər, yəni hansı kitab yoxdursa, o gələnə qədər gözləyirlər ki, kitabı əldə etsinlər. Həqiqətən də maraq, tələbat çoxdur. Çünki indi gənclər inkişafa daha meylli olublar. Əvvəllər romanlara, detektiv əsərlərə daha da çox tələbat var idi. İndi fikir verirəm ki, gənclər daha çox şəxsi inkişaf kitabları oxuyurlar. Ən çox da biznesyönümlü kitablar”.

Orxan Əsgərov- kitabxanaçı: “Gəncə şəhərində 10-a yaxın kitab mağazası fəaliyyət göstərir və onlarda istənilən bədii ədəbiyyatı tapmaq mümkündür. Biz özümüz də bacardığımız qədər xarici dillərdə və ya Azərbaycan dilində kitabları oxuculara gətirib təqdim edirik. Gəncə şəhərində kitabxanaçıların hazırda o qədər də ciddi problemləri olmur, sadəcə tərcümələrlə bağlı bəzən problemləri olur ki, kitabların tərcümələri original dildən tam çevrilmədiyi üçün, bir az problemlər yaşayırıq. Oxucular oxumaqda çox çətinlik çəkirlər”.

Müasir dövrümüzdə kitabxanalar marağı qoruyub saxlamaq üçün yeniliklər, innovasiyalar tətbiq etməklə oxuculara elə xidmətlər təklif etməlidirlər ki, onlara indi və yaxın perspektivdə tələbat olsun. Oxucuların kitabxanalara cəlb olunmasında sosial şəbəkələrdən fəal istifadə edilməlidir. Kitab oxumağı həyatının bir hissəsinə çevirən Fəxrəddin Əli bildirir ki, axtardığı kitabları kitabxanalarda yox, məhz kitab mağazalarında tapa bilir.

Fəxrəddin Əli- şəhər sakini: “Gəncədə yetərincə kitabxana var, amma yetərincə kitab yoxdur. Çünki dünya ədəbiyyatına maraqlı olan, Azərbaycanın klassikləşmiş əsərlərinə marağı olan gənclər kitabxanada kitab tapa bilir, götürüb, oxuya bilir. Amma çağdaş ədəbiyyat nümunələri və ya fərdi inkişaf kitabları təəssüf ki, yoxdur. Əvvəllər çox cüzi miqdarlara kitab icarəyə götürmək olurdu. Sonradan o sistem də işləmədi. Ona görə də yeganə həlli, bir nəfər alıb, dostlarına ötürməkdir. Başqa bir həll yolu yoxdur”.

Bir problem də budur ki, kitab mağazalarının sayının azlığı kitabların bahalılığına təsirsiz ötüşmür. İndi ikinci əl kitablar daha çox sosial media üzərindən satılır. Bu baxımdan şəhərin kitab mədəniyyətinin xatirələrə köçməsi təəssüf doğurur. Ümumiyyətlə, şəhərimizdə kitab sevgisini, mədəniyyətini yaymaq, yaşatmaq lazımdır.

İnqilab İsaq- şair: “Gəncədə əvvəlki illərə baxdıqda, artıq kitab mağazaları açılır. O kitab mağazalarına mən də ayaq basıram, kitab alıram, kitab mağazasında işləyən gənclərlə həmsöhbət oluruq. Həm özümüzün kitablarla bağlı maraq dairəmizi onlara izah edirik, onlar yeni kitablar təklif edirlər. Bir sözlə kitab satışı özü xüsusi bir mədəniyyətdir və bu mədəniyyətə əlbəttə sahib olmaq lazımdır. Çünki kitab yalnız ticarət anlayışı deyil. Mədəni bir hadisədir. Mən istəyərdim ki, bizim gənclər ümumiyyətlə kitablara bağlansınlar”.

Doğrudur, Gəncədə tez-tez kitab yarmarkaları, sərgiləri keçirilir, amma bu, azdır. Kitablar nə qədər çox yayılsa, insanlar da bir o qədər zəka işıqlığına çıxarlar.

Pərvin Abbaszadə