Gəncədə qripə qarşı peyvəndlər Kəpəz Ailə Sağlamlıq Mərkəzində vurulur. İlkin olaraq xüsusi risk qrupuna aid olanlar, yaşlı insanlar və könüllü olaraq müraciət edənlər vaksinasiya olunur. Peyvənd insanlarda qripə qarşı immunitet yaradır. İnsan infeksiyaya yoluxsa belə, xəstəliyi yüngül formada keçirir.
Sevinc Əliyeva- tibb bacısı: “Bu qrip vaksinini ötən il də vurdurmuşdum. Bu il də vurdurdum. Tövsiyə edərdim ki, hamı yararlansın. Çünki insanlar qripdən qorunmalıdır. Çox yaxşı, qrip olmadım. 6 ay saxladı, lap yaxşı oldu”.
Aysel Məhərova- sakin: “Qrip vaksininin vurulmasını məsləhət görürəm. Mən özüm də vurdurdum. Əlbəttə ki, qripdən xəstəlikdən qoruyur”.
Rövşanə İsgəndərova- tibb işçisi: “Mənim 65 yaşım var. Özümü yaxşı hiss edirəm, normal, yaxşıdır. Keçən il vurdurmuşdum, bu il də vurdurdum. Təsiri keçdi, yaxşı qəbul elədim. İstəyərəm, hamı gəlsin vurdursun”.
Aygün İmanova- sakin: “Keçən il də vurdurmuşdum. İndi də vurdururam. Çox yaxşıdır. Heç bir reaksiyası da yoxdur. Qrip əleyhinə vaksindir. Şükür, yüngül ötüşdü, heç bir ağırlaşma olmadı”.
Vaksin vurulduqdan 2-4 həftə ərzində bədəndə immunitet yaradır. 6-12 ay müddətində insanı qrip viruslarından müdafiə edir. Niderland istehsalı olan bu vaksinlər 1 qramlıq şprislərdə birdəfəlik istifadə üçündür.
Arzu Məmmədova- Kəpəz ASM-in şöbə müdiri: “Artıq havaların soyuması ilə əlaqədar olaraq virus artır. Bu gündən başladıq, gəlsinlər ki, virusa yoluxmasınlar. Çox böyük üstünlükləri var. Qripə qarşı heç bir xəstələnmə hallarına rast gəlinmir. Ona görə də əhali tərəfindən də tələb olunur. Bir neçə ay bundan qabaqdan əhali qrip vaksini üçün müraciət edir. İndi də məlumatlandıracağıq ki, qrip vaksini gəlib”.
Qrip əleyhinə vaksin 6 yaşdan yuxarı bütün vətəndaşlara vurula bilər. Peyvəndləmə prosesi 3 ay davam edəcək. Ötən il Gəncədə 5 mindən çox şəxs bu vaksindən vurdurub.
Elnur Vahidoğlu
- Baxış: 267