ABŞ-nin və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və buna ciddi etiraz bildirilib. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub. Qrant müqavilələrinin dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb. Azərbaycan tərəfinin faktlarla əlaqədar müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.
- Baxış: 146