Əli Hüseynov- 19 nömrəli orta məktəbin şagirdi: “Sinifimiz çox pis gündədir. Aynaları, qapıları qırıqdır. Qışda sinifdə oturmaq olmur. Çox soyuq olur”.
Ülviyyə Ələsgərova- 19 nömrəli orta məktəbin müəlliməsi: “Həqiqətən məktəbimiz çox bərbad vəziyyətdədir. Təmirə ehtiyac var. İntensiv yağışlar çox böyük fəsadlar törədib. Arxa tərəfdən divardan iri parçalar töküldü. Yaxşı ki, dərs vaxtı olmadı. Həqiqətən bədbəxt hadisələrə gətirib çıxarda bilərdi”.
45 ildir fəaliyyət göstərən Gəncənin 19 nömrəli orta məktəbində real vəziyyət belədir. Uçub dağılan sinif otaqları, bərbad vəziyyətdə olan dəhlizlər, sınıq-sökük dam örtüyü. Azərbaycan və rus bölmələrində 763 şagirdin oxuduğu 3 mərtəbədən ibarət 2 korpuslu tədris ocağı bu günə kimi əsaslı təmir olunmayıb.
Bura 19 nömrəli orta məktəbin sinif otaqlarından biridir. Gördüyünüz kimi, sinif otağının divarı tamamilə dağılıbdır. Həmçinin sinif otağının tavan hissəsi də çökübdür. Sinif otağının bərbad vəziyyətdə olması burada dərs keçməyə imkan vermir.
Gəncədə tədrisin aparılmasına imkan verməyən digər orta məktəblər də var ki, onların da təmirinə başlanılacaq.
Raminə Məmmədova- Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Gəncə şəhər Uşinski adına 29 nömrəli məktəbin tezliklə istifadəyə veriləcəyi gözlənilir. Məktəbin tikintisi artıq yekunlaşıb. Bundan başqa, Gəncə şəhərində 19 və 42 nömrəli məktəblər vardır ki, onların da mərhələli şəkildə təmir olunacağına başlanılacaqdır. Ümumiyyətlə təmirə ehtiyacı olan məktəblər barədə məlumatlar ümumiləşdirilir. Daha sonra isə təmir olunmağa başlanılır”.
24 nömrəli orta məktəb də bu qəbildəndir. Söküntü işlərinin aparıldığı məktəbin dekabrın əvvəlindən təmirinə başlanılacaq. Məktəbin 810 şagirdinin dərsləri bu müddətdə digər təhsil ocağında aparılır. Yeni tədris ilinə kimi əsaslı təmirin yekunlaşdırılması gözlənilir.
Mütəllim Yusifov- iş icraçısı: “Tam standartlara, tələbata cavab verən istixana tikiləcəkdir. Həmçinin yaşıl meydança da tikiləcəkdir. Yaşıllaşdırma, həyətdə asfalt, tamet döşənəcəkdir. İçəridə də müasir kabinetlər, laboratoriyalar, kampüter zalları, idman zalı hər şey müsair tələblərə cavab verən olacaqdır”.
Abdulla Kərimov- 24 nömrəli tam orta məktəbin direktoru: “Bütün sinif otaqları bərbad vəziyyətdə idi. İdman zalı yararsız halda idi. Çox sağ olsun ölkə başçımızı, 24 nömrəli məktəb bu ilin noyabr ayının 13-dən təmirə dayandı. Tədris, Gəncə şəhər 43 nömrəli orta məktəbdə davam etdirilir. İkinci növbədə təşkil edilib. Təmir-tikinti işləri qurtarandan sonra, biz də - şagird və müəllimlərimiz gözəl, geniş məktəbə keçəcəyik”.
Ümumilikdə Gəncədə son 5 ildə 11 orta məktəb əsaslı təmir olunub və ya yenidən tikilib.
Elnur Vahidoğlu
- Baxış: 328