Mehman və Füzuli Allahverdiyev Xankəndidəki görüşlərdə “Kəpəz”in heyətində çıxış ediblər. Qardaş olan qocaman oyunçular sovet dönəmində bir neçə oyunda sözügedən şəhərə rəqib qismində yollanıblar. 80-ci illərə təsadüf edən Xankəndinin “Qarabağ” kollektivi ilə qarşılaşmalar veteranların xatirəsində belə qalıb.
Mehman Allahverdiyev- veteran futbolçu: “3 dəfə oyanmışam, 3 çempionatda. Xankəndidə axırıncı oyunda mən yox idim, “Neftçi”dəydim. “Kəpəz” komandası gedib orada 1:0 udmuşdu. Qolu da Şahmir Hüseynov vurmuşdu. Topu axırıncı dəqiqələrdə vurmuşdular. Ora gedəndə elə bil ki, bu gün gedirdik oteldə qalırdıq, məşq edirdik, sabahkı gün Şuşaya gedirdik. gedirdik Cıdır düzünü gəzirdik, qayıdırdıq”.
Füzuli Allahverdiyev- veteran futbolçu: “Xankəndidə 8 və 9 il ard-arda oynamışam. 1987-ci ildə artıq müharibəyə az qalmışdı. Orada ermənilər bizə qarşı aqressiv idilər. Dava düşdü, bir oyun da yarımçıq qaldı. Biz birinci açılış oyununda getdik 1:0 udduq. O heç vaxt inidiyə kimi yadımdan çıxmır. Ayrı oyunlarımız da olub, sadəcə birinci oyunumuz idi deyə, ləzzət elədi, özü də onları udduq”.
Allahverdiyevlər bir vaxtlar top qovduqları Xankəndinə yenidən getmək arzusundadırlar. İnanırlar ki, yaxın vaxtlarda orada yenidən komanda yaradılacaq və şəhərə səfər edərək, çempionat oyunlarını izləyə biləcəklər.
Mehman Allahverdiyev- veteran futbolçu: “Çoxdankı arzumuz idi ki, gedib Xankəndidə oyunlar oynayaq. Allaha şükür ki, artıq torpaqlarımız azad olundu. Cənab prezidentimiz də orada bayrağımızı qaldırdı. İndi gedərik, oyunlarımızı oynayarıq. Mən inanıram ki, elə də olacaq”.
Füzuli Allahverdiyev- veteran futbolçu: “Həmişə fikirləşirdim ki, necə yəni bu qədər oynamışıq, oralara qayıdıb yenə oynamayacağıqmı? İstərdik ki, yenidən Xankəndinin “Qarabağ” komandası yaradılsın və keçmiş qələbələrimiz necə yadımızda saxlayırıqsa, o qələbələri yenə qazanaq”.
Xankəndidə hazırda 15 000 nəfər tutumlu stadion mövcuddur. Şəhəri təmsil edən “Qarabağ” komandası SSRİ çempionatında və kubokunda iştirak edib.
Orxan Cəfərzadə
- Baxış: 357