"Beynəlxalq birlik Azərbaycana və xalqımıza qarşı təcavüzün, etnik təmizləmə və vəhşilik cinayətlərinin qarşısını ala, öz qərarlarının icrasını təmin edə bilmədi. Münaqişənin həllinə kömək məqsədilə ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri heç bir nəticə vermədi. Hər şeyin öz adı ilə çağırmaq yerinə, beynəlxalq hüquqa münasibətdə ikili standartlar və seçicilik, həmçinin “münasib tarazlığı” saxlamaq cəhdləri təcavüzkarı yalnız cəsarətləndirdi". Bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev dünya təşkilatının Təhlükəsizlik Şurasının “Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli mexanizmlərin mübahisələrin sülh yolu ilə həllinə töhfəsi” mövzusunda keçirilən açıq debatlarda “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” bəndi üzrə bəyanatında bildirilib. Qeyd olunub ki, bəzi qeyri-regional dövlətlərin Cənubi Qafqaza öz keçmiş və indiki müstəmləkə təcrübəsini tətbiq etmək və regionda ksenofob siyasəti genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırması və onun nifrət təbliğatını dəstəkləməsi sülhə xidmət etmir. Diplomat bildirib ki, Bakı beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə təşviq etməsini gözləyir.
- Baxış: 188