Adətən payızda hava şəraitinin dəyişkən olması ilə əlaqədar tempraturun anidən düşməsi müşahidə olunur. Bu fərqliliyə öyrəşmək isə orqanizmimiz üçün bir qədər çətin olan prosesə çevrilir. Müəyyən problemlərin yaranmasına, hətta xəstəliklərə də yol açır. Bu baxımdan deyə bilərik ki, səhhətimizdə yaranan problemlərə səbəb olan başlıca amillərdən biri də məhz mövsum dəyişkənliyidir.
Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra sentyabrın 17-dən başlayaraq havanın dəyişəcəyi gözlənilir. Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Gülşad Məmmədova- Proqnozar Bürosunun direktoru: “Sentyabrın 17-i Qərb rayonlarından başlayaraq 19-na qədər hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar olaraq çaylarda suların artacağı ehtimalı var”.
Hava şəraitində qeyri-sabitliyi, havanın temperaturunun gah isti, gah da soyuması qısa dövr ərzində baş verdiyinə görə, insan orqanizmi bu prosesə ləng uyğunlaşır. Və orqanizmi zəif olan insanlara mənfi təsir göstərir.
Bu fəsildə xəstəlikdən qorunmaq üçün düzgün qidalanmaq lazımdır. İmmuniteti qaldırmaq, idmanla məşğul olmaq önəmli nüanslardır. Ən önəmlisi isə havaya uyğun geyinməkdir. Mütəxəssislər deyir ki, sintetik paltarlardan uzaq durmaq lazımdır. Çünki belə paltarlar insan bədənində maddələr mübadiləsini pozur və bədənin müqaviməti azalır.
Şirxan Vəliyev- həkim: “Hava bəzən aldadıcı ola bilir. Temperaturun kəskin dəyişikliyi ilə əlaqədar olaraq bədənimizin immunitetinin zəifləməsi və bunun nəticəsində də kəskin respirator virus infeksiyalarının artması- temperatur, öskürək, boğaz ağrısı, qrip, zökəm əlamətləri kimi özünü biruzə verir. Bu dövrdə immuniteti möhkəm saxlamaq lazımdır. İdmanla məşğul olmaq, bol vitamin, meyvə qəbul eləmək immunitetin güclənməsində böyük rol oynayır”.
Hava şəraitinin dəyişməsi xüsusən xəstəliyəmeylli şəxslərə, yaşlı nəslə, qan təzyiqi yüksək olanlara təsir edir və xroniki xəstəliklər kəskinləşir.
Aişə Rzayeva
- Baxış: 499