Bilik Günü Gəncədə əlamətdar hadisə ilə yadda qalıb. Uzun illər idi təmirsiz olan və tədrisin aparılmasına imkan verməyən 11 saylı orta məktəb əsaslı təmir edilərək müəllimlərin və şagirdlərin istifadəsinə verilib.
Gəncədə Bilik Günü münasibəti ilə şəhərin Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. 62 ildir fəaliyyət göstərən təhsil ocağında indiyə kimi əsaslı təmir işləri aparılmayıb. Bu isə özünü təhsilin keyfiyyətində göstərməyə bilməzdi. İlin əvvəlindən təmirə dayanan binada müasir tədris üçün bütün imkanlar yaradılıb. 950 şagird yerlik təhsil ocağında 883 şagirdin tədrisi aparılacaq. 4 mərtəbəli olan binada 2 informatika otağı, fizika, kimya, biologiya fənnlərinin tədrisi üçün otaqlar da yaradılıb.
11 nömrəli orta məktəbi ötən tədris ilində 74 məzun bitirib ki, bunlardan da 52 nəfəri ali məktəblərə daxil olub. 2 məzun isə 630-dan yuxarı bal toplayıb. Bu il isə 93 nəfər şagird birinci sinifə qədəm qoyub. Ümumilikdə isə Gəncə üzrə 130-a yaxın sinifdə 3757 şagird birinci sinfə gedib.
Yenilənən məktəbdə dərslərin interaktivliyi və İKT təminatı nəzərə alınaraq siniflər smart lövhələrlə təmin edilib. Smart və robot siniflər yaradılıb. Emalatxana, akt və idman zalları, laboratoriyalar və yeməkxana kollektivin ixtiyarına verilib. Ümumilikdə Gəncənin orta məktəblərinə bu gün 45 min 376 şagird qədəm qoyub və onlara 3257 müəllim dərs keçəcək.
Elnur Vahidoğlu
- Baxış: 333