• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 14.09.2023 20:23

70-dən çox şəhid yaxınlarından DNT nümunələri götürülüb

KepezTV Player

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq, abadlıq işləri eləcə də minatəmizləmə əməliyyatları zamanı ermənilər tərəfindən öldürülən soydaşlarımızın sümük qalıqları aşkar edilir. Bundan başqa, əsir düşən soydaşlarımızın verdiyi məlumatlar əsasında da aparılan qazıntılar zamanı kütləvi məzarlıqlar aşkarlanır. Sümük qalıqlarının kimlərə aid olmasını müəyyənləşdirmək üçün isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən müvafiq anailizlər aparılır. 

Raya İsmayılova- Telman İsmayılovun anası: “Evdə səhər durdum onun yeməyini hazırladım, üstünü örtdüm, qoyunları otarmağa getdim. Gəldim, gördüm, evdə yoxdur. Qonşular dedi ki, Telman, qardaşının hərbi paltarını geyinib, bir oğlanla getdi. Sonra axtardım dedilər ki, Telman Murovdağdadır”.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən 4 minə yaxın şəxsdən biridir Telman İsmayılov. 1994-cü ilin fevralında 18 yaşında müharibəyə könüllü olaraq yollanıb. Vətənin çətin günlərində dostları ilə birgə silaha sarılaraq qızğın döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 77 yaşlı Raya İsmayılova düz 29 ildir oğlu Telmanın yolunu gözləyir. 

Raya İsmayılova- Telman İsmayılovun anası: “Beyləqanda fermada gecə onları partlatmışdılar. Ondan sonrada səs gəlmədi. Üç nömrəli xəstəxanada qayınım meyitləri axtardı. Məni içəri qoymurdu ki, qorxaram. “İmamzadə”də qayınım meyitlərə baxdı. 30 ildə dünyanı axtardım. Mənim balam yadımdan çıxmaz. Mən uşağımı Murovdağda gözümlə görmüşdüm. Balam yaralandı gəldi, sonra getdi. İki nəfər DNT analizinə görə gəmişdi, evimdə götürdü. Dedilər ki, nə vaxtsa tapılanda xəbər edəcəyik. Anayam də, gözləyirəm”.

Xalidə İsmayılova- Telman İsmayılovun bacısı: “Neçə illər anam da, atam da axtardı. Atam insul keçirdi vəziyyəti ağırlaşdı. Dözmürdü, deyirdi ki, mən onsuz yaşıya bilmərəm. Gözümüz yoldadır ki, qardaşımız nə vaxtsa gələcəkdir. 30 il nə deməkdir. Canımız-qanımız, qardaşımızdır. Gözləyirik ki, qardaşımız nə vaxtsa gələcəkdir”.

Yaxınları Gündüz Nağıyevin də yolunu gözləyirlər. 1992-ci ildə müharibəyə yollanan və 2 il döyüş yolu keçən Gündüz ağır döyüşlərin birində itkin düşüb. Onu nə qədər axtarsalar da, 30 ildir barəsində məlumat ala bilməyiblər.

Sənəm Nağıyeva- Gündüz Nağıyevin anası: “Xəstəxanaların hamısını gəzdilər, heç bir yerdən ümid gəlmədi. İki ay bundan qabaq gəlib bizdən analiz götürdülər. İki oğlumdan, bir qızımdan bir də məndən götürdülər. Qapı tıqqıldayanda deyirəm indicə gündüz gələcəkdir. Televizora baxanda deyirəm ki, bəlkə deyəcəklər ki, bu sümük Gündüzün sümüyüdür. Ümidimi itirməmişəm. Allahla ürəyim yaxındır. Allah özü qapı açsın bütün hamısına, içində də mənim balama”.

İstefa Qasımova- Gündüz Nağıyevin bacısı: “Atam rəhmətlik ölənə kimi gözü yolda oldu. Qapı döyüləndə deyirdi ki, dövlətdən kimsə gəlib Gündüzdən mənə xəbər edəcəkdir. Ümidimizi Allahdan kəsmirik. Qardaşlarımdan, bacımdan analiz götürdülər. Allahdan ümidimizi kəsmirik”.

İtgin və əsir götürülmüşlərlə bağlı yaradılan xüsusi komissiya Göygöldən olan əsir və girovların da ailələrində olaraq müvafiq nümunələr götürüblər. 

Sərdar Balayev- Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri: “Həmin itkin düşənlərin yaxınlarından, qohumlarından test nümunələr götürərək, məlumat bazası yaradıblar. Bizim rayonda da son günlərdə təxminən 42 nəfərin axtarılması üçün 70-dən çox yaxınlardan test nümunələri götürülmüş və işlərin gedişi zamanı tapılmış o cəsədlərin qalıqlarından test bankında yoxlanılır. Tez bir zamanda onlar haqqında nəticələr əldə olunur”.

Ümumilikdə Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı 3890 nəfərdir. Bu şəxslərdən də  3171 nəfəri hərbçi, qalan 719-u mülki şəxslərdir. Hazırda yaradılan xüsusi komissiya tərəfindən onların axtarışları davam etdirilir

Elnur Vahidoğlu