• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 02.08.2023 19:01

Gəncədəki attraksionların vəziyyəti nə yerdədir?

KepezTV Player

Qarşıdakı süjetimiz attraksionlar haqqında olacaq. Heç təsadüfi deyil ki, isti yay aylarında əksər ailələrin axşam gəzintisi üçün məkanı parklardır. Parklardakı əyləncə vasitələri isə daha çox uşaqlar üçün nəzərdə tutulub. Amma necə?! Məsələnin əmması ondadır ki, bu işi görənlər uşaqların üzündəki təbəssümdən sevinməyi, yoxsa ciblərini sevindirib, öz üzlərində təbəssüm yaratmağı ön plana çəkiblər?! Bu sualın cavabını attraksionların vəziyyəti deyir. Çox istərdik, onları işlədənlər də bizimlə kəlmə kəssinlər, amma ağızlarına su alası oldular.

Uşaqların ən sevimli əyləncəsi hesab edilən attraksionlara tələbat xüsusən yay aylarında daha da artır. Bu isə sözsüz ki, təhlükəsizlik məsələsini gündəmə gətirir. Bu dəmdə isə ortaya haqlı sual çıxır. Attraksionlar günün tələbinə cavab verirmi? Uşaqlarımıza bu əyləncə vasitələrindən istifadə etməyə rahatlıqla icazə verə bilərikmi?! Elə bu minvalla Gəncədəki parklara yollanaraq, vəziyyətlə daha yaxından tanış olmağa çalışdıq. Öyrənmək istədiyimiz fikirlər arasında valideylərin rəyi ilk sırada oldu. Bəlli oldu ki, onlar da attraksionları bir o qədər də etibarlı hesab etmirlər.

Nardanə İsgəndərova- valideyn: “Hansına arxayın oluramsa, ona icazə verirəm. Etibar eləmədiyimə mindirmirəm. Əslində, onun yanında adam olmalıdır. Nəzarət edilməlidir, həmişə işləyən texnikadır. Nəzarətdə saxlanılmalıdır”.

Əli Pənahov-valideyn: “Misal üçün, bunları bilirsən yaxşıdır. O birilərdi yaxşıdır. Bəzilərinə etibar edirəm, bəzilərinə yox. Çünki təhlükəlidir. O gəmilərə minməyə özüm də bir az çəkinirəm. Qaldı ki, uşağı ora etibar eləmirəm”.

Sədaqət Hüseynova- valideyn: “Yelləncəkdə yelləndiririk, yanında dururuq. Ondan sonra başqa sürüşkənlərə aparırıq. Amma o böyük karusellərdən qorxuram. Ona hələ risk eləmirəm. Böyük parkda - Heydər Əliyev parkında bir dəfə sınmışdı. Ondan sonra qorxuruq”.

Göründüyü kimi valideynlər uşaqlarını gətirsələr də, amma cani-könüldən etibar edə bilmirlər. Cavabdeh şəxslərin fikrincə isə, qəti qorxusu yoxdur.

Azər Sədirov- nəzarətçi: “Bu karusel 3 yaşdan 10 yaşa kimidir. Həm valideynlər, həm özümüz nəzarət edirik. Kəmərləri bağlanılır. Sürəti də çox deyil, azdır”.

Kamil Əliyev- nəzarətçi: “Hər gün nəzarət olunur, təhlükəsizliyin hamısı təmin olunur. Qorxulu, təhlükəli nəsə yoxdur. Oturan sərnişinlərin hamısının kəmərləri bağlanılır. Parkın öz əməkdaşı var. Hər gün səhər gəlir, motora baxır, gedir”.

Əlbəttə ki, cibinin pulu bu sahədən çıxan şəxslər ciblərini sevindirən tərəfə kölgə salmaq istəməzlər. Məsələni tarazlı şəkildə çözmək üçün qanuni tərəfləri də nəzərdən keçirdik.

Mövzunun qanuni tərəflərini həm biz öyrəndik, həm də siz eşitdiniz. Amma bu gün şəhər parklarını gəzərkən, Gəncə Park-Bulvar Kompleksinin əməkdaşları nədənsə danışmaqdan imtina etdilər. Onlara verəcəyimiz suallar isə sadəcə attraksionlarının vəziyyəti ilə bağlı olacaqdı. Danışmaqdan imtina nəyə ehtiva edir deyə bilmərik, amma məqbul olan sahiblərinin belə haqqında əminliklə danışa bilmədikləri attraksionlardan imtina etməkdir.

Aişə Rzayeva