• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1121
— 24.07.2023 18:34

Prezident: "Qarabağda yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquqa malik olacaqlar"

KepezTV Player

Düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə ən yaxın gələcəkdə nail olmaq olar. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Azərbaycan Prezidenti İlham Əliyev  Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib ki, bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir”.

Prezident İlham Əliyev müsahibəsi zamanı müstəmləkəçilik siyasətini davam etdirən Fransanın Ermənistana dəstəyindən da söz açıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar”.

"İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir", - deyə müsahibəsində qeyd edən dövlət başçısı Zəngəzur dəhlizindən də bəhs edib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir”.

Fərid Mehdiyev