• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 837
— 17.07.2023 19:10

Günəş şüalarının insan dərisinə təsiri

KepezTV Player

Yaz-yay mövsümü insanların dəri problemlərinin üzə çıxdığı və onların həmin problemlərə qarşı mübarizə apardıqları dövrdür. İnsanlar özlərini günəş şüalarından həm qorumalıdırlar, həm də təbii D vitaminini qəbul etməlidirlər. Amma bunu elə etmək lazımdır ki, orqanizm ziyan görməsin.

Bütün canlılar üçün həyat mənbəyi sayılan günəş şüaları insanı depressiyadan qoruyur. Həmçinin günəş şüaları D vitamini qaynağı olmaqla yanaşı, antibakterial təsirə malikdir və qan dövranını yaxşılaşdırır. Lakin, günəş şüalarının insan dərisinə zərərli təsirləri də var. Ultrabənövşəyi şüalar hüceyrənin bərpası prosesini ləngidir və dəri nahamar, solğun görünüş alır. A tipli şüalar isə dərini qocaldır, qırışların, hətta bədxassəli şişlərin yaranmasına səbəb olur. Həkimlər bildirirlər ki, şüaların zərərindən qorunmaq üçün bir sıra vacib məqamlara əməl olunmalıdır.

Azad İsmayılov- həkim-dermatoloq: “Günəş şüalarından qorunmaq dedikdə, həm günəş şüaları vacibdir, həm də ondan qorunmaq lazımdır. Çünki onun təsirləri var - şüa xəstəliyi əmələ gələ bilər, müxtəlif dəri xəstəlikləri şüaların təsirindən onların kəskinləşməsinə səbəb olur. Məsələn; vitiliqo, psoriaz, ekzema xəstəlikləri. İnsanlar çimərliklərə gedirlər, dəri xəstəliyi olan adamlar ehtiyatlı olmalıdırlar. Günəş şüalarının təsirinin düzgün dozası səhər saat 06:00-dan 11:00-a kimi, axşam isə 17:00-dan 20:00-dək almaq kifayətdir. Ancaq başqa vaxtlarda olan günəş şüaları insan orqanizminə yan təsirlərə gətirib çıxarır. Şüa xəstəliyi, allergik dermatit, dəridə qızartılar, köpəşiklər əmələ gəlir, bunun qarşısını almaqdan ötrü günəş şüalarından qorunmaq lazımdır”.

Günorta saatlarında günəş şüalarının təsiri çox güclü olur. Xüsusilə qan təzyiqi olanlarda arterial təzyiqin yüksəlməsinə, ürək-damar sistemi xəstəlikləri riskinin, məsələn, infarkt, stenokardiya kimi xəstəliklərin, xüsusilə dəridə ləkələrin əmələ gəlməsinə səbəb olur.

Emiliya Mahmudova- sakin: “Günəş şüasını 12:00-a kimi almaq məsləhətdir, həm də xeyirdir - vitamin D almaqdan ötrü. Günəşin altında çox qalsan, dəridə xəstəliklərə çevrilir. Həm də Gəncə şəhərində demək olar ki, gün şüası yüksəkdir. Ona görə də qorunmaq mütləq lazımdır. SPF kremlərdən istifadə etmək lazımdır. Günəş şüaları əlbəttə qızartı verir, dərinin strukturunu dəyişdirir”.

Xəlil Cəfərov- sakin:  “Daimi olaraq izləyirəm, ümumi dünyada istiləşmə ilə bağlı problem var, bu da ki, bildiyim qədəriylə atmosferdəki karbon dioksidin artımıyla əlaqədardır. Saat 12:00 – 18:00 arası vətəndaşlara çölə çıxmamağı tövsiyə edirəm, çünki gördüyümüz kimi, Türkiyədə də, burda da, İspaniyada da istilərin çoxalmasıyla bağlı, günəş şüalarının həm insan bədəninə pis təsir göstərə biləcək təsirləri olur, həm də ki, bəzi ölüm hadisələri baş verir”.

Gülnara Hüseynova- sakin: “Yay ayıdır deyə, çölə səhər çıxmaq daha xeyirlidir. Çünki bədəndə, dəridə səpkilər olur. Saat 11, 12-yə kimi çıxmaq olar, bir də saat 17:00-dan sonra. Çıxanda SPF kremlər sürtmək lazımdır, qorunmaq lazımdır, günortalar çıxmaq lazım deyil”.

Leyla İsayeva- sakin: “Yay aylarında dəridə müxtəlif səpkilər olur, allergik reaksiyalar olur, amma ən yaxşı qorunma yolu SPF kremləridir. Həm bədən üçün, həm üz üçün. Mən işimlə əlaqədar günortalar da çölə çıxıram, mütləq qaydada SPF kremlərindən istifadə edirəm və hamıya da tövsiyə edirəm”.

Səhər saat 7:00-dan 11:00-dək, axşam saat 16:00-dan sonra böyüklərin və xüsusən kiçik yaşlı uşaqların günəş şüaları altında olması daha çox məsləhətdir. Xüsusən ağ və zərif dərisi olanlar günəş şüalarına qarşı daha diqqətli olmalıdırlar. Belə ki, həmin dəri tipi günəşə qarşı daha həssas olur. Onların günəş altında çox dayanmaması və bol maye qəbul etməsi lazımdır.

Fərid Mehdiyev