Beynəlxalq Qırmızı Xaç Komitəsinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən istifadəsi humanitar məqsədlərə deyil, regionda qaçaqmalçılıq, hüquq pozuntusuna söykənir. Ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təşkilata aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri deyilənlərin əsassız olmadığını göstərir. Dəfələrlə quruma edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, Azərbaycan məsələni ictimailəşdirmək məcburiyyətində qalıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı fəaliyyətində aşkarlanan ciddi qanun pozuntuları təşkilatın öz səlahiyyətlərindən sui-istifadəsi və qaçaqmalçılıq fəaliyyətidir. Humanitar epitetlərlə pərdələnərək, Ermənistan maraqlarının kölgəsi kimi fəaliyyətlər səbr kasasını daşdırmaya bilməzdi. Uzun müddətdir davam edən bu hal təşkilatın Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmasını düşünməyə əsas verir. Fəaliyyəti yeddi prinsipə söykənən - insanlıq, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, birlik, universallıq olan BQXK-nın ermənilərin qaçaqmalçılıq alətinə çevrilməsinə Azərbaycan nəyə görə şərait yaratmalıdır?
Digər tərəfdən, Ermənistandan Qarabağa qanunsuz daşınan məhsullar Azərbaycan ərazisinə rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Bu isə qanunsuzluqdur və heç bir ölkə belə vəziyyəti normal qarşılamaz. Eləcə də BQXK-nın Qarabağda qeyri-legitim fəaliyyəti nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənir. Çünki qurumun Bakı ofisi ola-ola, Azərbaycanın suveren əraisində bu beynəlxalq təşkilatın başqa ölkədə yerləşən ofisi hansı əsasla fəaliyyət göstərməlidir? BQXK-nın hələ müharibə dövründə Ermənistanın maraqlarından çıxış edən mövqeyi də unudulmur.
Quruma Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq olunub, aşkarlanan qanun pozuntuları faktlarla təşkilatın diqqətinə çatdırılıb. Elə ötən ay xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüşü xatırlamaq yerinə düşər. Hansı qurumun Xankəndidəki fəaliyyəti də müzakirə olunmuşdur. Amma görünən odur ki, qarşı tərəf sadiqliyindən dönməyərək erməniləri hər cür təchiz etməyə davam edib. Baxmayaraq ki, erməni sakinlərin tədarük ehtiyacları üçün Azərbaycan BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadəni təklif edib. Odur ki, Azərbaycan öz ərazisindəki qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımları atmaqda qərarlıdır.
Fərid Mehdiyev
- Baxış: 334