Gəncədə son 5 il ərzində 10-dək orta məktəb tikilərək müəllim və şagirdlərin istifadəsinə verilsə də, hələ də təmirə ehtiyacı olan və qəzalı vəziyyətdə olan təhsil ocaqları qalmaqdadır. Hazırda onların bəziləri təmir edilir və yenilənməsi istiqamətində işlər aparılır.
Gəncədəki 24 nömrəli orta məktəb binasının 44 yaşı var. Mövcudluğu dövründə heç vaxt əsaslı təmirə dayanmayan tikilinin işləri divarlarında dağılmalar müşahidə edilir. Dam örtüyü yararsız hala düşdüyündən yağan yağış və qar suları daxilə nüfuz edib. 3 mərtəbəli 2 korpusdan ibarət olan məktəbin tədris binalarından biri qəzalı olduğundan orada dərslər aparılmır.
Bura 24 nömrəli orta məktəbin sinif otaqlarından biridir. Sinif otağının döşəməsi bərbad vəziyyətdədir. Həmçinin otaq təmirsizdir. Bundan başqa sinif otağının pəncərələri də bərbaddır. Bu cür bərbad, təmirsiz sinif otaqlarında dərs keçmək isə qeyri-mümkündür.
Kazım Tağıyev- müəllim: “Məktəbimizin əsaslı təmirinə təcili ehtiyacı var. Aidiyyatı təşkilatlardan xahiş edərdik ki, bizim məktəbin təmirini növbəti təhsil ilinə kimi həyata keçirsinlər”.
Tədris nöqteyi-nəzərdən vəziyyəti ürəkaçan olmayan məktəblə bağlı aidiyyatı qurumlara məlumat verilib. Tezliklə təhsil ocağının da təmir olunacağına ümid bəslənilir.
Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “2023-2024-cü tədris ili başlıyanadək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri və ümumtəhsil məktəblərinin bəzilərində əsaslı və cari təmir işləri həyata keçiriləcəkdir. Bu proses başlanılmışdır. Bəzi rayonlarda hətta modul tipli məktəblər də quraşdırılır. Goranboy rayon Kürəkçay kənd ibtidai məktəbi və Daşkəsən rayon Tapan kənd ümumi orta məktəbi artıq modul tipli məktəblər quraşdırılır. Yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir. 15-dək ümumi orta məktəbdə cari təmir işləri həyata keçirilir. Gəncə şəhər 24 nömləri orta məktəbin də təmirə ehtiyacı var. Bununla bağlı məlumat verilib. Mərhələli şəkildə təmir ediləcəkdir”.
Onadək isə təmiri davam etdirilən 11 nömrəli orta məktəbdə bilik günündə tədrisə başlamaq planlaşdırılır. 4 mərtəbəli binada beton-bərkitmə işləri aparılıb, dam örtüyü yenilənib, daxili və xarici divarlar suvanıb. İstilik sistemi, elektrik, telefon və internet xətləri çəkilir. Yeni fənn otaqları və laboratoriyaları olacaq məktəb üçün 2 ədəd su hovuzu da inşa edilir. Transformator və qazanxana üçün yeni binalar da tikilir. İdman və akt zalları, idman meydançaları da yenilənir.
Elbrus Alıyev- iş icraçısı: “Məktəbin daxili və xarici suvaqları təmiz sökülüb. Hamısı yenidən suvanıb. Məktəbin son tamamlanma işləri başa çatmaq üzrədir. Daxildə döşəmə, tavan hissəsi başa çatıb. Sanitar qovşaqlarda kafel-metlaq işləri başa çatıb. Emusiya vurulub, qapılar qoyulub, tamamlanma işləri başa çatacaqdır”.
Vətən müharibəsində ermənilərin raket hücumu zamanı dağılan 29 nömrəli orta məktəb isə 3 mərtəbəli 4 korpusdan ibarət olacaq. Binada hörgü işləri başa çatıb. 960 şagird yerlik məktəb də yeni dərs ilində istifadəyə veriləcək.
Elnur Vahidoğlu
- Baxış: 449