Yay aylarında gözləri günəş şüalarından qorumağın ən optimal variantı gün eynəkləridir. Qiyməti, keyfiyyəti görünüşündən asılı olaraq fərqlənən bu aksessuar təbii ki, gözlərə mənfi təsir göstərməməlidir. Odur ki, seçim edənlər həkim məsləhətinə qulaq versələr yaxşıdır.
Gün eynəkləri gözləri ultrabənövşəyi, ultraqırmızı, ultragöy şüalardan qorumaqla, xoşagəlməz fəsadların yaranmasına imkan vermir. Gözündə təzyiq, qıcıqlanma və allergiya olanlar seçim edərkən daha diqqətli olmalıdırlar. Əks halda, gözdə qızartı və sulanma yaranır.
Eldar Allahyarov- Optik: “Eynəklərin keyfiyyətləri haqqında biz istehlakçılarımıza məlumat versək, vətəndaşlarımıza onu seçəndə hətta şüşənin keyfiyyətinə çatmamış çərçivənin keyfiyyətindən artıq bəlli olur ki, onun standartı nə qədər yüksəkdir və ya aşağıdır. Burunun oturma hissəsi, qulağının oturma hissəsi, üzün ümumi oturuşunda çərçivə rahat olmalıdır. Gün eynəklərinin standartı, keyfiyyəti yüksək olanda eynək seçim mərhələsində vətəndaşı incitmir. Gündən əsas qoruyucu rənglər qəhvəyidən üstün tünd rənglər gedir. Boz, qara, yaşıl rənglər”.
Şüşəsi tünd rəngdə eynəklər sakitləşdirici xarakter daşıdığından ona üstünlük verilməsi daha məsləhətdir. Çünki ölkəmizdə günəşli günlərin sayı çox olduğundan gün eynəklərindən yalnız aksessuar kimi deyil, həm də gözləri qorumaq üçün bir vasitə kimi istifadə etmək məqsədəuyğun hesab edilir. Odur ki, eynək alarkən diqqət edilməli məqamlar az deyil.
Vilayət Zeynalov- Sakin: “Eynək alanda keyfiyyətə fikir verirəm. Ona görə ki, birinci keyfiyyət önəmlidir ki, gözə ziyanı olmasın”.
Sevda Hüseynova- Sakin: “Mən xoşlayıram ki, ümumiyyətlə göz çox önəmli bir şeydir. Gözə gərək qulluq edəsən, ona görə də ən çox qiymətə yox, keyfiyyətə fikir vermək lazımdır”.
Durna Məmmədova- Sakin: “Ümumiyyətcə, gün eynəklərini seçəndə mən keyfiyyətə daha çox baxıram. Çünki, neçə il boyunca alırsan, taxırsan və cızıq-cızıq olur, keyfiyyəti itir və bir müddətdən sonra gözə ziyanı dəyir, ona görə də qiyməti nə olur-olsun, keyfiyyəti daha önəmlidir”.
Toğrul İsayev- Sakin: “Keyfiyyətə önəm verirəm təbii ki, bir də çərçivənin qırılıb-qırılmamağına. Keyfiyyətsiz eynək alanda təbii ki, bir çox yerdə var, keyfiyyətsiz eynək gözlərə 90% zərərlidir, gözü ağrıdır, sonra da problemlər çıxır, özümdə də yaşamışam, bilirəm, ona görə də çalışıram alanda yüksək keyfiyyətdə alım, şüşəsinə fikir verirəm”.
Həkimlər də günəş şüalarının gözə mənfi təsirini azaltmaq üçün gün eynəklərindən istifadəni tövsiyə edir. Hətta yüngül yanıq əmələ gətirə bilən bu şüalar katarakta xəstəliyinə də səbəb ola bilər. Odur ki, keyfiyyətsiz gün eynəklərindən qaçmaq məsləhətdir.
Gültəkin Əsgərova- Həkim-oftalmoloq: “Həqiqi gün eynəklərini seçmək üçün tövsiyəm - ancaq optika yazılan yerlərdən gün eynəklərinin alınmasıdır. Ona görə ki, optikada satılan gün eynəkləri lazımi yerdə hazırlanmış gün eynəkləridir və onların tərkiblərinin hansı materialdan hazırlandığı bilinir. Bəzən ucuz eynəklərdən istifadə olunur, onların tərkibləri gözə ziyan verir, nəinki günəş şüasından qoruyur. Gözdə ağrı əmələ gəlir, narahatçılıq yaranır və optikada işləyən mütəxəssislərimiz də hətta onlar da məsləhət verə bilirlər ki, hansı gün eynəyini, hansı tündlükdə taxmaq, hansı göz üçün hansı eynəkləri taxmaq, biz də məsləhət görürük xəstəyə, eyni zamanda optiklərimiz də məsləhət görə bilərlər”.
Son tədqiqatlar göstərir ki, zərərli ultrabənövşəyi şüalar hətta xərçəng xəstəliyinin əmələ gəlməsinə də şərait yaradır. Odur ki, sağlamlığının qayğısına qalan hər bir kəsin gün eynəklərindən istifadə etməsi məsləhətdir.
Fərid Mehdiyev
- Baxış: 362