• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 25.06.2023 20:05

Yay aylarında enerji içkilərindən istifadə artır

KepezTV Player

İnsanın bədəni yediyi ərzaqdan və içdiyi sudan formalaşır. Biz də bu deyimə əsaslanaraq, içkilərdən danışacağıq. Rəngbərəng, diqqətçəkən qablaşdırmada olan energetik içkilərdən. Xüsusən yay aylarında gənclərin diqqətini çəkən bu içklər mütəxəssislərin rəyinə görə, orqanizmə nəinki fayda vermir, hətta ziyan da gətirir. Bəs insanlar bundan xəbərdardırlarmı? Bu mövzuda videomaterialımız var.

Satıcılar deyir ki, digər aylara nisbətən yay aylarında bu içkilərin satışı 3, hətta 4 dəfəyə kimi artır. İyun ayı da bu baxımdan istisna olmayıb. 

Həsən Qasımov- satıcı: “Enerji içkilərinə tələbat artıb. Əvvəllər günə 20-30 dənə satılırdı, indi isə günə 100-150 dənəyə kimi satış olur. 4-5 çeşid enerji içkilərimiz var. Hamsı da təxmini eyni qədər satılır. Qiymətlər 48 qəpikdən başlayaraq, 1 manat 50 qəpiyə doğru gedir”.

Enerji içkilərini tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirirlər. İstehsalçılar vurğulayır ki, onların içkiləri ancaq fayda verir. Belə olan halda sual yaranır: nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır?

Amil Rəhimli- həkim: “Enerji içkilərinin içərisində taurin və fərqli adda maddələr vardır. Hansı ki, bunlar enerjini doğurdan da keçici olaraq artıra bilirlər. İstər zehni, istər fiziki olaraq bir oyanıqlıq verirlər. Amma bu içkilərin xeyri ilə bərabər, çox sayda da ziyanı vardır. Bu içki içilən zaman mütləq az dozada və fasilələrlə içilməlidir. Elə insanlar var ki, bunu alüdəçi kimi içirlər. Onun da əslində səbəbi var. İçkinin içərisində dadlandırıcılar, xüsusi maddələr vardır ki, yenidən istəməklərinə səbəb olur”.

Belə nəticəyə gəlirik ki, dadı bizə xoş gələn içki və ya maddə əslində orqanizmimizə xeyir gətirmir. Bu içkiləri qəbul etməyə vərdiş edən insanlar istifadəni dayandıran zaman yorğun, halsız və əsəbi olurlar, iş qabiliyyətləri aşağı düşür.

Amil Rəhimli- həkim: “Özəlliklə vurğulamaq istədiyim mövzu - 18 yaşdan aşağı insanlara yüz faiz içilməsini məsləhət görmürük. 18-də yuxarı da içilməsi hər adama uyğun deyil. Bu içkilər özəlliklə ürək-damar xəstəlikləri olanlara, təzyiq, şəkər xətələrinə və ya kilosu çox olanlara qadağandır. Bu içkilərin içərisində olan molekullar, özəlliklə kofeinin çox olması insanlarda təzyiqin qalxmasına, ürək döyüntülərinin artmasına səbəb olur. Hətta dünyada elə xəstələr göstərilib ki, ani ürək ölümünə belə gətirib çıxarmışdır".

Enerji içkilərini gündə 1-2 bankadan artıq içmək olmaz. Əks halda, yüksək qan təzyiqi və qanda şəkərin artması ilə üzləşə bilərsiniz.

Aişə Rzayeva