Gədəbəyin Söyüdlü kəndində baş verən insidentdə Rusiya ilə bağlı olan “5-ci kolon”un iştirakına dair təkzibolunmaz dəlillər ortaya çıxıb. “Musavat.com”-un əldə etdiyi məlumata görə, hadisəni xarici xüsusi xidmət orqanları məqsədyönlü şəkildə təşkil və idarə edib. Bu zaman sadə kənd əhalisi manipulyasiya edilib.
Laçın-Xankəndi yolunda təşkil edilən aksiyalarla ermənilərin yataqlarımızdan qanunsuz istifadəsinin, gizli yollarla silah daşımasının qarşısının alınması, dolayısı ilə Rusiyanın “Ruben Vardanyan layihəsini”n dardamağın edilməsi və sülhməramlıların müvəqqəti nəzarətində olan yataqların qanunsuz istismarına imkan verilməməsi təbii ki, Rusiyanı qıcıqlandırmaya bilməzdi. Bununla da Azərbaycanda Gədəbəydə süni yolla qarşıdurma yaratmaq üçün təxribata start verilib. Məlum olub ki, rayonun Söyüdlü kəndində əhalinin manipulyasiyası ilə törədilmiş təxribatın əsas iştirakçıları Afiq Allahverdiyev, Etibar Cabbarov, Dadaş Şirinovdur. Afiq Allahverdiyev və Etibar Cabbarov Rusiya vətəndaşıdırlar və Rusiyada yaşayırlar. Hər iki şəxs hadisədən bir müddət əvvəl yasda iştirak adı ilə Gədəbəydə olublar. Onlar kəndə böyük vəsait pulla gəliblər. Burada onlar kənd sakinləri arasında nüfuzlu, sosial şəbəkələrdən istifadə etməyi bacaran şəxsləri müəyyən ediblər. Bundan sonra 400 nəfərlik “Whatsap” qrupu yaradılıb. Dadaş Şirinov qızıl yatağında işləyən şirkətdə sürücü kimi çalışıb və daim Allahverdiyev və Cabbarovla əlaqədə olub. Onun Allahverdiyevdən konkret təlimatlar aldığı məlumdur. O, həmçinin aksiyadan çəkilmiş görüntülərin “Tik-tok”-da geniş yayılmasını təmin etməli idi. Bundan başqa, Dadaş Şirinov təxribatın növbəti mərhələsində çalışdığı müəssisənin işçilərini də aksiyaya cəlb etməli və tətilə səsləməli idi. İyunun 20-də baş vermiş qarşıdurma zamanı da Allahverdiyev kənd sakinlərini aqressiv tərzdə istiqamətləndirib, onları İcra Hakimiyyətinin qarşısına toplaşmağa çağırıb. Qrupda radikal addımlar atmağa dair çağırışlar olub. Məlum olub ki, təxribatın hazırlanması zamanı təşkilatçılar Gədəbəyin keçmiş icra başçısı, bir müddət həbsdə olmuş AXCP üzvü Saleh Rüstəmov və onun oğlu Sezgin Rüstəmovla da təmasa keçiblər. İyunun 21-də sakinlərdə peyda olan şüar və plakatlar isə kənddə deyil, Gəncədə sexlərdən birində hazırlanıb. Qarşıdurma zamanı xüsusi canfəşanlıq edənlərə pul verilib, onlara polisi təxribata çəkmək, onların özlərinə və ailələrinin ünvanına ağır söyüşlər səsləndirməklə hövsələdən çıxarmaq və sərt reaksiyaya təhrik etmək tapşırılıb. Bütün bunlarda əsas məqsəd – xırda insidenti böyüdərək dövlətə qarşı aksiyaya çevirmək olub. Amma dövlətin çevik reaksiyası, vətəndaşların məsuliyyətli yanaşması və icra orqanlarının əhali ilə təması nəticəsində təxribatın qarşısı alınıb.
- Baxış: 327