Siqaret... Dünyanın mübarizə apardığı, hətta qutularına belə “sağlamlığınıza zərərlidir” xəbərdarlığının yazılmasına baxmayaraq, yenə də əksəriyyətin olmazsa olmazı. Daimi tamaşaçılarımız yaxşı bilir ki, ən azı hər ay bu mövzuya müraciət edirik, bəlkə kimlərəsə xeyirimiz dəyər deyib... Bu gün də Aişə Rzayeva siqaretlə bağlı müəyyən araşdırmalar edib.
Adətən siqaret aludəçiləri mentol ətirli siqaretləri istifadə edərək, daha az zərərə məruz qaldıqlarını düşünürlər. Əslində isə bu, sadəcə onların özlərinə təsəllisidir. Yaxın günlərdə Səhiyyə Nazirliyi rəsmilərinin mövzu ilə bağlı verdikləri açıqlama bunu bir daha təsdiq etdi. “Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm riskini artırır...” Ölüm sözü hallanan hər cümlə isə həyəcan təbilinin çalınması deməkdir. Adı çəkiləndə tükürpədən xəstəlik- xərçəngin də əsas inkişaf mənbəsinin siqaret olduğunu düşünəndə, tüstüsü ilə ürəkbulandıran xoş olmazın nə qədər zərərli olduğu bir daha təsdiqini tapır.
Emil Həsənov- həkim: “Siqaret əvvəl psixi asılılıq yaradır. Zamanla isə fiziki asılılığa keçir. Zərərləri əsas hipertoniya, şəkərli diabetlə yanaşı olan istəmədiyimiz bir hal - xərçəng xəstəliyinin risk faktorlarından biridir. Yaratdığı xərçəng növlərinə görə ağciyər, sidik kisəsi və mədə-bağırsağın daha çox risk ehtimalı var. Tərkibində olduqca zərərli maddələr var ki, bunlardan ən barizi bizə xroniki olaraq təsir edən karbon monoksid dediyimizdir ki, bu hemoqlobin ilə daim birləşmə yaradır və bütün orqanların oksigenlə qidalanmasını zəiflədir”.
Madam ki, həkimlər siqaretin zərəri ilə bağlı bu qədər iddialı danışır, o zaman niyə aludəçilər özlərinə qənim kəsilirlər?!
Bəzi insanlar isə siqareti stresdən qaçış yolu kimi görür. Ancaq düşünülənin əksinə siqaret duyumsuzluq yaratmır.
Emil Həsənov- həkim: “Siqaret çəkənlərin əsas arqumentləri -“bəs biz stress zamanı nə edək?” olur. Onu unutmasınlar ki, siqaret insanı heç bir stressdən, heç bir fikirdən, düşüncədən ayırmır. Sadəcə olaraq psixi asılılıq olduğu üçün insan elə düşünür ki, siqaret çəkdiyi zaman onun stressi və ya əsəbi keçir. Əsla belə deyil. Əksinə, siqaret çəkənlər beyin qidalanması zəiflədiyinə, oksigenlə təminat zəiflədiyinə görə ətrafdakı insanlara qarşı daha aqressiv ola bilirlər”.
Deyilənlərdən belə bəlli olur ki, siqaret aludəçisi sirri bilib, saxlamağı bacarmayan insan kimidir. Desəm öldürərlər, deməsəm ölləm. Daha dəqiqi, çəksəm öləcəyəm, çəkməsəm də ölləm...
Aişə Rzayeva
- Baxış: 440