Daşkəsəndə ilk dəfə olaraq məşğulluğun təmin edilməsi üçün əmək yarmarkası keçirilib. Rayon sakinləri işlə təmin etməklə yanaşı peşə hazırlığı kurslarına da göndəriş alıblar.
Daşkəsəndə təşkil edilən əmək yarmarkasında 100 nəfərdən artıq işsiz sakin idarə, müəssisə və təşkilatlara göndəriş alıblar. Təxminən 300 nəfərə yaxın işsiz və işaxtaranın iştirak etdiyi yarmarkada 18 idarə, müəssisə və təşkilat tərəfindən 200-ə yaxın iş yeri təklif edilib. Həmin boş iş yerlərinin təxminən 80-i dövlət, 120-i isə özəl təşkilatların payına düşüb. Yarmarkaya çıxarılan boş iş yerləri həkim, tibb bacısı, mühafizəçi, fəhlə, qulluqçu, aşpaz və digər xidmət sahələrinə aid olub. İş yerləri üzrə əməkhaqqının məbləği 350 manatdan 900 manata kimi olub.
Pərvin Əlizadə- Daşkəsən Gənclər Təlim və İstirahət Mərkəzinin nümayəndəsi: “İşsiz vətəndaşları işlə təmin etmək üçün müraciətimizi bildirdik. Bizə hazırda xadimə, aşpaz, ofisiant və qabyuyan lazımdır. Minimum əmək haqqı 345 manatdan başlayır. Səhər saat 09:00-dan axşam saat 19:00-a kimi fəaliyyət göstərir. Rəsmi olaraq bizə müraciət edən vətəndaşların siyahılarına baxır və işlə təmin etməyi qərarlaşdırırıq”.
Gülay Əbilova- Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi: “Hazırda 63 vakansiya var və onun da 38-i həkim yeri, 25-i tibb bacısıdır. Həkim-dietoloq, terapevt, ortoped üzrə vakansiyalar, eləcə də digər vakansiyalar boşdur. Vətəndaşlar daha dəqiq məlumatı da bizim kadrlar üzrə mütəxəssisə yaxınlaşıb əldə edə bilərlər”.
Ceyhun Cəfərzadə- sakin: “Mingəçevir Turizim Kollecini bitirmişəm. İşlə əlaqədar müraciət eləmişəm. Vakansiyalarla tanış olmuşam. Dedilər ki, yaxınlaşarsınız”.
Elvin Namazov- sakin: “Müharibə iştirakçısıyam. Beş rayonda olmuşam, orada gedən döyüşlərdə iştirak eləmişəm. Müraciət elədim və məndən CV tələb elədilər. Yazdım və təhvil verəcəm. İnşallah işlə təmin olunaram. Yaxşı qarşıladılar, Allah razı olsun”.
Nargilə Alıyeva- sakin: “Məni aşpaza köməkçi kimi qəbul elədilər. Sabah da gedəcəyəm, qeydiyyata götürəcəklər. Sonra da nə vaxt desələr, işə qəbul olarıq”.
Yarmarkada işsiz vətəndaşların istəklərinə uyğun olaraq peşə təlimi kurslarına da göndərişlər verilib. Onlar təyin olunan qrafiklə kurslara cəlb edilərək, minimum əməkhaqqı ilə də təmin ediləcəklər.
Orxan Əyyubov- Gəncə Peşə Hazırlığı Mərkəzinin baş mütəxəssisi: “Dövlət Məşğulluq Agentliyinin əsas məqsədlərindən biri də odur ki, peşəyə üstünlük verilir. Regional məşğulluq tərəfindən bizə yönəldilir. Biz də onlara tədris edəndən, sonra işlə təmin edilir”.
Elməddin Qurbanov- Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri: “Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə məşğulluğun artırılması ilə bağlı mütamadi tədbirlər keçirilir. Bunlardan dəyirmi masalar, əmək yarmarkaları və ilin sonuna kimi hər regionda belə yarmarkaların keçirilməsi nəzərdə tutulur. İşaxtaran və işsiz vətəndaşların birbaşa təmas yaradaraq iş imkanlarını, işə götürmələrini təmin edən aktiv məşğulluq tədbiridir”.
Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Daşkəsən rayonundan əvvəl Gəncə və Goranboyda əmək yarmarkası keçirilib. Növbəti mərhələdə Naftalan və yenidən Gəncə sakinləri üçün də məşğulluğun təminatı istiqamətində imkanlar yaradılacaq.
Elnur Vahidoğlu
- Baxış: 578