Son zamanlar Azərbaycanda siqaret çəkən qadınların sayında artım müşahidə olunur. Kafe-restoranların siqaret çəkilən bölməsində qadınların da oturması buna misal ola bilər. Mütəxəssislər isə elə hesab edir ki, bu zərərli vərdiş kişilərə nisbətən qadın orqanizmi üçün daha təhlükəlidir.
Siqaret çəkən qadın: “Mən də bu zərərli vərdişlərdən birinin aludəçisiyəm. 5 il öncə siqaretdən istifadə etməyə başladım. İlk başlarda bu məndə fəsad yaratmasa da, sonralar hiss elədim ki, həm sağlamlığımda bu mənə mənfi təsir göstərdi, eyni zamanda gün ərzində çəkdiyim siqaretlərin sayını daha çox artırmağa başladım. Saçlarımda dırnaqlarımda qırılmalar çox olurdu. Gənc olmağıma baxmayaraq dərimdə müəyyən qırışlar olurdu. Və indi mən çox çalışıram, istəyirəm ki, bu zərərli vərdişdən uzaq olum. Ancaq heç bir halda bunu tərgidə bilmirəm”.
Qəhrəmanımız bu zərərli vərdişin yaratdığı problemlərdən əziyyət çəkən xanımlardandır. Onun sözlərinə görə, nikotin aludəçiliyinin fəsadlarını görsə də tərgitməkdə çətinlik çəkir. Mütəxəssislər bildirir ki, siqaret çəkən qadınla bunu edən kişi orqanizminə eyni dərəcədə ziyan vurur. Amma qadınların orqanizmi, onların analıq funksiyası kimi məqamlar zərif cinsin nümayəndələri üçün siqareti xüsusilə zərərli edir.
Şəhla Verdiyeva- həkim: “Siqaret çəkmə zamanı 4000-ə yaxın kimyəvi maddənin orqanizmə daxil olduğunu və zəhərlədiyini artıq bilirik. Çünki bu tütün məhsulunun tam yanmaması nəticəsində meydana gələn yarımçıq qazların orqanizmə təsiri ilə bağlıdır. Ancaq qadınlarda siqaret çəkmə zamanı digər faktorlar da müşahidə olunur. Çünki biz siqaret çəkməni hər zaman aktiv olaraq siqaret çəkənin özünə verdiyi zərərlə deyil, ətraf mühitə verdiyi zərərlə də ölçürük. Bir kişinin siqaret çəkməsi zamanı övladı ilə kontaktı qadın qədər olmadığına görə uşaqlara verdiyi zərəri qadının siqaret çəkməsinə bərabər ola bilməz. Qadın övladı ilə daha çox əlaqədə olduğuna görə, əlbəttə ki, siqaret çəkməsi zamanı onun övladına verdiyi zərər qat-qat artıqdır”.
Mütəxəssislər deyir ki, əgər hamilə qadın siqaret çəksə, doğulacaq uşaq da narkomaniyaya meylli olur. Nikotin qanla uşağın da bədəninə keçir və həmin uşağın daxili və xarici orqanlarında bir sıra problemlər yaradır. Xüsusən də xarici görünüşü eybəcər forma alır. Həmin uşaqlar normal inkişaf etmir, cılız olur, bəzən inkişafdan qalır.
Şəhla Verdiyeva- həkim: “Əmizdirmə və hamiləlik dönəmində birdən-birə siqareti buraxmaq mümkün olmur. Bu döməndə siqaret çəkən qadınlarımızın da sayı getdikdə artır. Uşaqda qüsurdan tutmuş, yeni doğulacaq uşağın da allergik xəstəliklərə, astmaya, bir çox ağciyər xəstəliklərinə meylliyə qədər çox ciddi bir şəkildə zərər görür. Qadınlarda ginekoloji xəstəliklərin də sıxlığı artır. Ginekoloji orqanların xərçəng riski, süd vəzi xərçəngi riski də artmış olur”.
Statistik məlumata görə, Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Əvvəllər ölkədə siqaret çəkən qadınların sıfır faiz təşkil etdiyi deyilsə də, son araşdırmalara görə, hazırda qadınların 1,5 faizi siqaret çəkir. Onların çox az qismi ictimaiyyətdən siqaret çəkdiyini gizlətmir.
Aişə Rzayeva
- Baxış: 376