• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 21.05.2023 21:41

Azadlığına yenidən qovuşanların sosial müdafiəsi

KepezTV Player

Əfv olunmaq yəqin ki, hər bir məhbusun arzusudur. Azadlığa qovuşaraq yeni cəmiyyətə inteqrasiya olmaq isə xüsusi əhəmiyyətlidir. Azadlığına qovuşan Samux sakininin həyata adaptasiyası ilə bağlı sujet hazırlamışıq.

Bu il mayın 8-də imzalanan əfv sərəncamı Məmmədovlar ailəsini də sevincə qərq edib. Uzun ayrılıqdan sonra Qoşqar Məmmədov doğma yurduna, ailəsinə geri döndü. Samux rayon sakini cəzasının 1 il 20 gün çəkilməmiş hissəsindən azad edilərək azadlığa çıxıb.

Qoşqar Məmmədov- keçmiş məhkum: “9 il iş vermişdilər. 8 ildən sonra əfvə saldılar. Evə 1 il tez buraxdılar. Kimliyimi vermişəm düzəltdirməyə. Vaxtı keçmişdi. Bu gün mənə deyiblər, Gəncədədir, gedib götürəcəm. Götürəndən sonra sosial fonda sənədlərimi verəcəm. Dövlət pul ayırıb. Onu verməlidirlər. Əvvəl sürücü olmuşam. İşlə bağlı müraciət eləməmişəm”.

Burada başlıca amil keçmiş məhbusların cəmiyyətin bir üzvü olaraq yenidən adi həyata geridönüş etmələridir. Sosial adaptasiya, işlə təminat, həbsxana divarlarından azadlığın çərçivələrinə doğru addımlamaq həm psixoloji, həm də mənəvi baxımdan əhəmiyyətlidir.

Nail Qarayev- ekspert: “Cəzaçəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyasının həyata keçirilməsi tədbirləri sosial adaptasiya mərkəzlərinin yaradılması, onların işlə təmin olunması, həmin şəxlərin qeydiyyata alınması, şəxsiyyətini təsdiq edən və digər sənədlərinin qaydaya qoyulmasına köməklik göstərmək, birdəfəlik pul müavinəti verməlisi, onların peşə hazırlığının artırılması, təhsil almalarına yardımdan ibarətdir. Azadlığa çıxdıqdan sonra onlara minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik maddi yardım ödənilir. Nəzərə alsaq ki, 2023-cü il üçün Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manatdır, bunun 4 misli məbləğində birdəfəlik maddi yardım qəbul edilir”.

Belə şəxslər sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olan, işə düzəlməkdə çətinlik çəkən şəxlər kateqoriyasına aid edilir. Ona görə də Məşğulluq mərkəzləri tərəfindən işəğötürənlər arasında keçmiş məhbuslara da kvota sayının artırılması xüsusi diqqətdə saxlanılır.

Famil Məcidli- DMA-nın əməkdaşı: “Dövlət məşğulluq agentliyi şəxlərin işlə təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işlər apararkən məhz sosial cəhətdən xüsusi ehtiyacı olan şəxslərə ayrıca imtiyazlar tanıyır. Növbəlilik təşkil oluduğu zaman bu şəsxlərə əlavə “skoring balı” əlavə olunur. Və bu da o şəxlərin növbəlilikdə daha önə çıxmasına səbəb olur. Biz ötən ilin işədüzəltmə göstəricilərinə, müxtəlif məşğulluq tədbirləri üzrə statistikalarına baxdığımız zaman görürük ki, 2022-ci il ərzində cəzaçəkmə müəssisəsindən azad olunmuş 177 nəfər işlə təmin olunmuş, 304 nəfər özünüməşğulluq proqramına cəlb edilmişdir, 13 nəfər isə peşə hazırlıq kurslarına cəlb olunmuşdur. Cari ilin birinci ilində isə təxmini 100-ə yaxın cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin məşğulluğu təmin olunmuşdur”.

Cəzaçəkmədən azad edilmiş şəxslər regional məşğulluq filialları ilə yanaşı DOST mərkəzlərinə mürciət edərək məşğulluq imkanlarının genişləndirilməsi, işlə təmin olunma və alternativ digər məşğulluq tədbirləri istiqamətində xidmət ala bilərlər.

Aişə Rzayeva