Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı daha bir möhtəşəm tədbir başlayıb. Bu dəfə işğaldan azad olunduqdan sonra ənənəvi olaraq hər il Suqovuşan qəsəbəsində keçirilən “Prezident kuboku-2023” beynəlxalq reqata start götürüb.
Yarışın rəsmi açılış mərasimi Suqovuşanda baş tutub. Azərbaycan Kanoe və Avarçəkmə federasiyanın prezidenti Vüqar Əhmədov, Gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmilər çıxış edərək Suqovuşanda təşkil edilən beynəlxalq reqatanın böyük əhəmiyyətə malik olduğu qeyd ediblər. Bildirilıb ki, məhz ulu öndərin tapşırığı ilə Suqovuşan su anbarı inşa olunub. Eyni zamanda, o da diqqətə çatdırılıb ki, Azərbaycan əsarətdə olan torpaqlarını azad etdikdən dərhal sonra həmin ərazilərdə bir sıra beynəlxalq səviyyəli yarışlar təşkil edir ki, Suqavuşanda keçirilən “Prezident kuboku” da bunlardan biridir. Açılışdan sonra iştirakçı ölkələrin su üzərində rəsmi paradı baş tutub. Ardınca isə simvolik olaraq Azərbaycan bayrağının rənglərində şarlar havaya buraxılıb.
“Prezident kuboku” beynəxalq reqatasında 100-dən çox yerli və xarici idmançı qalib olmaq üçün mübarizə aparacaq.
Akademik avarçəkmə və kanoe yarışlar artıq 3-cü dəfədir Suqavuşanda keçirilir. Bu ilki fərlqi cəhət ondan ibarətdir ki, Suqovuşan “Prezident kuboku” reqatası ilk Avropa kanoe federasiyasının təqvim planına daxil edilib.
İlk yarış günü iki növdə qaliblər müəyyənləşib. Kayak və kanoe üzrə baş tutan yürüşlərdə idmançılar 200 və 500 metr məsafəni qət ediblər.
İlk günün yekunlarına əsasən Azərbaycan komandası 1 qızıl, 1 gümüş və 3 bürünc, Türkiyə idmançıları isə 2 qızıl və 1 gümüş medala yiyələniblər. Beynəlxalq reqatanın 5-6 mayda keçiriləcək növbəti mərhələsi Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək. Yarışın bağlanış mərasimi mayın 7-si paytaxt Bakıda baş tutacaq. Burada dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, möhtəşəm şou proqram da təşkil ediləcək.
Orxan Cəfərzadə
- Baxış: 435