KepezTV Player
Güləş sözsüz ki, ölkədə ən populyar idman növlərinin başında gəlir. Bölgələrdə sərbəst, yunan-Roma və qadın güləşi kifayət qədər inkişaf etsə də, güləş hakimliyi barədə bunu demək olmaz. Regionlarda ədalət qoruyucularının az olması paytaxtdan kənarda keçirilən yarışlarda Azərbaycan Güləş Federasiyasını bir sıra çətinliklərlə üz-üzə qoyur. Bunu nəzərə alan federasiya yaxın gələcəkdə bölgə hakimlərinin sayını artırmağı düşünür.
Regionlarda güləş hakimlərinin qıtlığı fonunda tələbatın çox olması və bu istiqamətdə çatışmazlıq sözügedən qurumu əməli addımlar atmağa vadar edib. Federasiya, beynəlxalq yarışlarda təmsil olunmaq, eyni zamanda bölgələrdə keçirilən birinciliklərə paytaxt hakimlarinin əvəzinə həmin regiondan olan referiləri cəlb etmək üçün bu sahəni inkişaf etdirmək niyyətindədir. Hazırda Gəncə, Göyçay, Şirvan, Lənkəran və bir neçə şəhər və rayonda güləş hakimləri var. Amma güləş federasiyası əhatə dairəsini daha da genişləndirməyi hədəfləyir. Güləşin ən çox məşhur olduğu qərb bölgəsindən də referilərin üzə çıxarılması yönündə işlər aparılır. Buna görə yaxın zamanda güləş hakimliyinə müraciət edən namizədlər üçün ilk növbədə nəzəri və praktiki seminarların keçirilməsi nəzərdə tutulub.
AGF-in hakimlər kollegiyasının sədri Qərib Əliyev xüsusilə xanım hakimləri ölkə idmanına qazandırmaq istədiklərini deyib.
Ölkə üzrə 50-dən çox güləş hakimi fəaliyyət göstərir. Onlardan ikisi - Samir Həbibli və Sevinc Yusubova Gəncədəndir. Sonuncu həm də Azərbaycanın yeganə beynəlxalq dərəcəli qadın hakimidir.
Orxan Cəfərzadə
- Baxış: 477