Azərbaycan Basketbol Liqasında uğurlu çıxışını davam etdirən Gəncə klubu ölkə kubokunu qazandıqdan sonra çempionluq yolunda vacib sayılan pley-off mərhələsinə də vəsiqə əldə edib. Komanda həlledici mərhələni də qalib başa vurub, liqanın çempionu olmaq arzusundadır.
Nizami yurdunun təmsilçisi “pley-off”a son turda “Neftçi” üzərində qazandığı qələbə sayəsində yüksəlib. Gərgin keçən görüşdə son saniyələrdə 3 xallıq atışla rəqibini məğlub edən “Gəncə” finala gedən yolda adını 4 komandanın sırasına yazdırıb. Düzdür, qarşıda iki oyun olsa belə nəticədən asılı olmayaraq sarı-göylər həlledici görüşlərdə iştirak üçün haqq qazanıb. Melyunas Yediminas- “Gəncə”nin baş məşqçisi: “”Pley-off”a çıxmağa nail olduq. Bu mərhələdəki oyunlarında çox şey şansa bağlıdır. Gərək, oyunçular zədələnməsin. Artıq zədəli basketbolçularımız da var, yorğunluq da özünü büruzə verir. Mövsümün sonunda komandaların çoxu belə çətinliklərlə üzləşirlər. Əlbəttə, “pley-off” artıq başqa mərhələdir. Oyunçuların psixoloji durumu, oyun səviyyəsi daha yüksək olmalıdır, səhvlərə yol verməmək lazımdır. Fikirləşirəm ki, bütün imkanlaırmız var və finala çıxa bilərik. Sonadək mübarizə aparacağıq”.
“Pley – off” mərhələsində isə komandaların hansı rəqiblə üz-üzə gələcəyi, ev-səfər görüşləri turnir cədvəlindəki mövqeyindən asılıdır. Buna görə son iki tur da böyük önəm daşıyır.
“Gəncə” növbəti tur- yəni aprelin 22-də əsas rəqiblərindən olan “NTD” ilə doğma meydanda qarşılaşacaq. Yerli Olimpiya İdman Kompleksində baş tutacaq oyun saat 15:00-da başlayacaq.
Orxan Cəfərzadə
- Baxış: 490