• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 16.04.2023 20:00

Alaq otlarına qarşı mübarizə aparılır

KepezTV Player

Yabanı alaq otları kənd təsərrüfatı bitkilərinə çox ciddi ziyan vurur. Ən əsas da taxılın inkişafına mane olur və məhsuldarlığı aşağı salır. Bunu nəzərə alaraq Samuxda qabaqlayıcı tədbirlərə başlanılıb. Taxıl sahələrində alaq otlarına qarşı kimyəvi dərmanlama işləri həyata keçirilir.

Alaq otları güclü kök sisteminə malik olduğundan torpağın dərin qatlarına yeriyərək üzvü maddələri, hətta su ehtiyatını tez mənimsəyir. Bununla da bitkinin inkişafını ləngidirlər. Hündür, enli yarpaqları olduğundan günəş şüasının bitkiyə çatmasına imkan vermir. Nəticədə, bitki ya məhv olur, ya da gözlənilən məhsulu götürmək olmur. Bunun qarşısını almaq üçün sahələrdə qabaqlayıcı kimyəvi dərmanlama işlərinin aparılması vacibdir.

Samir Şəmilov- Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Samux rayon Mərkəzinin baş aqronomu: “Bu qonşu ərazidə alaq otuna qarşı kimyəvi mübarizə aparılıb. Nəticə etibarı ilə, biz fermerlərimizə göstərmək istəyirik ki, aralarında böyük bir fərq var. Fermerlərə çağırış etmək istərdik ki, Bitki Mühafizəsi olaraq, biz daim fermerlərin yanındayıq. Bizlərə müraciət eləsinlər və biz də tövsiyyələrimizi verək. Yerdə baxış keçirək və hansı variant lazımdır, tövsiyə edək”.

Taxıl sahələrində alaq otlarına qarşı kimyəvi dərmanlama martın ortalarından aprelin sonuna kimi aparılır. Qabaqlayıcı tədbirlər bol və keyfiyyətli məhsulun əldə edilməsinə imkan verir.

Saləddin Abbasov- torpaq mülkiyyətçisi: “Samux rayonunda 60 ha-ya yaxın ərazidə taxıl əkmişəm. Onun alaq otlarına qarşı bütün dərmanlarını vurmuşam, gübrə vermişəm. Bütün kənd təsərrüfatı ilə məşğul olanlara məsləhətim odur ki, alaq otunun dərmanını vursun. Bunun, əhəmiyyətli xeyri var”.

Sahələrdə dərmanlama işləri ilə yanaşı fermerlər baş verə biləcək xoşagəlməz vəziyyətlərlə bağlı maarifləndirilirlər də. Regional Təlim mərkəzlərində mütəxəssislərin iştirakı ilə fermerlərə vacib olan aqrotexniki qulluq işləri izah edilir. Fermerlər, sahələr kimyəvi dərmanlanan zaman təhlükəsizlik qaydaları barədə də məlumatlandırılırlar.

Tural Camalov- Aqrar Xidmətlər Agentliyinin Gəncə Regional Təlim Mərkəzinin müdiri: “Texniki qulluqlar yerinə yetirilən zaman, fermerlər müəyyən məhsullar olur ki, bilmir hansı gübrələri vaxtında vermək lazımdır. Məhsulun hansı dövründə hansı qulluqları etmək lazımdır. Biz gəlib onları yerində məlumatlandırırıq. Ona uyğun olaraq, təklifimiz nəticəsində də belə olub. Növbəti fermerə də alaq otları ciddi şəkildə ziyan verdiyinə görə, fermer müraciət elədi və yerindəcə tədbirlər görüldü”.

Samuxda 24 min ha-a yaxın əkinəyararlı sahələr var ki, bunun da 10 min  ha-a yaxınında  taxıl, qalanında isə digər bitkilər becərilir. Yaz dövründə rayonun 300 ha yaxın taxıl sahəsində alaq otlarına qarşı dərmanlama işləri görülüb.

Elnur Vahidoğlu