• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 08.04.2023 20:08

Uşaqlarda vitamin - mineral çatışmazlığı

KepezTV Player

Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Aşkarlanan 50-yə qədər vitaminin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz aylarında daha çox təsadüf edilir.

Həkimlər deyir ki, uşaqlarda rast gəlinən yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir. Vitaminlər, bədənin hər yaşda ehtiyac duyduğu komponentlərdir. Ancaq uşaqlıq dövründə bu vəziyyət daha çox əhəmiyyət qazanır. Müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur.

Afət Məmmədova- pediatr: “Yazda bir az meyvə qıtlığı yarandığı üçün, bəzi tərəvəzlər hələ yetişmədiyi üçün vitamin çatışmazlığı yarana bilir. Uşaqlarda bəzi əlamətlər biruzə verir. Məsələn, D vitaminininin azlığını biz nədən hiss edirik. Uşaqlarda həddindən artıq tərləmələr olur, yorğunluq halı baş verir, immun sistemində zəiflik özünü biruzə verir. Hər hansı bir mikroelementin çatışmazlığını desək, dəmirin az olması uşağın rəngində solğunluq verir, iştahsızlıq baş verir. A vitamini çatışmazlığı - uşaqlarda boy artımında zəifləmələr olur. Eyni zamanda saçda, dırnaqda özünü biruzə verir”.

Vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki onun çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilər. Müəyyən əlamətlərin isə əvvəlcədən təyin edilərək həkim nəzarəti altında tədbir görülməsi lazımdır.

Afət Məmmədova- pediatr: “Məsləhətdir ki, hansısa bir əlaməti gördükdə pediatra müraciət etsinlər. Çünki, hər bir uşağın individual yanaşması var. Bir reseptlə bütün uşaqlara müdaxilə etmək olmur. Həkim onu müayinə edib, araşdırmalıdır ki, xəstəlik əlaməti hansı sahədən biruzə verir, ona qarşı da müalicə yazılmalıdır. Bəzən valideynlər gedib özləri aptekdən kompleks vitaminlər alıb qəbul edilər. Mən, bunun ələyhinəyəm. Çünki, mən, uşağı yoxlayanda valideyini özü deyir ki, vitamini çox vermişik və qanda dəmir normadan çoxdur. Bunun özü də ziyandır”.

Həkimlər tövsiyə edir ki, vitamin çatışmazlığı olan uşaqların qidasına da xüsusi diqqət edilməlidir. Onların qida rasionunda meyvələrə, giləmeyvələrə və tərəvəzlərə üstünlük verilməlidir.

Aişə Rzayeva