Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 40 642 nəfərə çatıb, yaralı sayı 105 505 nəfər təşkil edir. 12 mindən çox yaralının müalicəsi xəstəxanalarda davam etdirilir. Ümumilikdə zəlzələdən 82 min bina zərər çəkib. Zəlzələ bölgəsində 61722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək. 13 917 bina orta dərəcədə zədələnib. Tikililərlə bağlı aparılan araşdırmalar çərçivəsində indiyədək ümumilikdə 67 nəfər saxlanılıb. Onlardan 15-i “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bu çərçivədə, məlumat verildiyi kimi, FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb. Hatayda FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi xilasetmə əməliyyatlarına dəstək verir. Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.
- Baxış: 251