• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 17.02.2023 20:08

Əsrin faciəsinə aparan Qaradağlı qətliamı

KepezTV Player

Ötən əsrin 90-cı illərinin əvvəlində Quşçular, Malıbəyli, Meşəli və nəhayət Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı olmazın cinayətlərini törətdilər. Ancaq bu cinayətlər içərisində Qaradağlı kəndində törədilən qırğını Xocalı faciəsinə qədər ən dəhşətlisi hesab edilir. 1992-ci ilin fevralın 17-də törədilən Qaradağlı qırğını əslində bir günün, bir gecənin hadisəsi deyildi. İki yüz ilə yaxın müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə Xocavənd-Xankəndi avtomobil yolunun üzərində dağətəyi ərazidə yerləşir. Düz, 31 il bundan əvvəl ermənilər bu gözəl diyarımızda olmazın zülmünü törətdilər. Qocalara, uşaqlara, qadınlara belə məhəl qoymayaraq hamısını vəhşicəsinə qətlə yetirdilər. Qaradağlı kəndində sakinlər diri-diri yandırılır, öldürülənlərə belə rəhm edilməyərək işkəncələr verilir, insanın ağlına belə gəlməyən iyrənc vəhşiliklər törədilirdi. Bütün bu faciələr illər ötsə belə yaddaşlardan silinmir.

Vəkil Babayev- Xocavənd sakini: “Ermənilər çox azğın bir millətdir. Onlar Malıbəylidə, Quşçularda kəndə çox basqınlar edib, camaatı qırıblar. Basqın edib, kəndi mühasirəyə alıb, kəndi yandırdılar. Camaat meşələrə səpələndi. Kənddə qız, gəlin, qocaları öldürdülər”.

Aidə Babayeva- Xocavənd sakini: “Allah heç kimə göstərməsin, biz o hadisələrin içində olmuşuq. Nə qədər desək də, qəlbimizdəkini dilə gətirmək qeyri-mümkün idi. Qaradağlıda ermənilər çox zülüm veriblər. Valideynlərin gözü qarşısında övladların başını kəsiblər. Anaların gözü qarşısında balalarını şişlə dağlayıblar. Çox əziyyət, zülüm veriblər”.

Kənd sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşərək, böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizə aparıblar. Erməni silahlı birləşmələrinə qarşı kənd sakinləri qeyri-bərabər döyüşlərdə canlarını fəda edərək vətən, doğma torpaq uğrunda şəhid oldular. Qaradağlı faciəsi isə əsrin faciəsinə açılan yol oldu. 

Zaur Rrzayev- Xocalı sakini: “Ermənilər müəyyən kəndləri yandırdılar. Xocalıya hədə-qorxu gəldilər. Ana və bacılarımızı, uşaqlarımızı öldürdülər. Hamısı əsrin faciəsi idi. Nəinki orda, Malıbəyli, Quşçular, Şuşa idi bütün bölgələrimzidə davam edirdilər”.

Şirin İspəndiyarov- Xocalı sakini: “Qaradağlı faciəsi Xocalı faciəsinə açılan bir yol idi. Erməni faşizmi bu faciəni yaratdı ki, Xocalıda da bu faciə baş versin. Bu Xankəndində də Qarabağda, Ağdərədə də başlayırdı. Qaradağlı faciə Azərbaycanın bir nömrəli faciəsi oldu ki, erməni faşizimin açarı oldu. Bu faciədən sonra gəldi Xocalı faciəsi oldu”.

Bu faciələri yaşayanların sızıldayan qəlblərinə 44 günlük vətən müharibəsində qazanılan qələbə ilə məlhəm suyu səpildi. İndi Qarabağın azad olması qəlblərə sevinc bəxş edib.

Aidə Babayeva- Xocavənd sakini: “Allah prezidentimizin canını sağ eləsin ki, bu gün biz azad firavan yaşayırıq. Allah şəhidlərimizə rəhmət etsin, analarına səbr versin. Qazilərimizə Allah kömək olsun ki, onların səbəbinə torpaqlarımız azad edildi. Allah qismət etsin biz oraları səbirsizliklə gözləyirik ki, oralara qayıdaq”.

Zaur Rzayev- Xocalı sakini: “Cənab ali baş komandan İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan xalqının başı ucadır. Biz yenə də öz torpaqlarımıza qayıdacağıq. Çox şükür torpaqlarımız azaddır”.

Qarabağda gedən quruculuq, abadlıq işləri qayıdışı tezləşdirmək məqsədi daşıyır. 30 illik həsrətin tez bir zamanda başa çatmasını isə hərmin torpaqların sahibi daha çox arzulayır. 

Elnur Vahidoğlu