Növbəti süjetimizdə həkimlərin yazdığı reseptlərdən danışacağıq. Hansı ki, insanların başa düşüməsi olduqca qəliz, əczaçılarınsa asanlıqla anladığı reseptlərdən. Həkimlərin əksəriyyətinə məxsus dəst-xətti "həkim dili" adlandıranlar da var. Bəs əczaçılar yazılanları necə anlayırlar?
Həkim resept yazır, xəstə oxuya bilmir, əczaçı isə o reseptə uyğun dərman verir. Söhbət adi sakinlərin qarmaqarışıq yazılan kimi qəbul etdiyi reseptlərdən gedir. Əczaçılar deyir ki, təqdim olunan reseptlərin əksəriyyəti latın əlifbası ilə yazılır. Ancaq, təcrübədə kiril əlifbası ilə yazılanlara da rast gəlinir.
Adının oxunması aydın olmayan dərmanlar isə insan həyatı üçün təhlükəli ola bilər. Çünki, satışda kifayət qədər adı oxşar olan dərmanlar var.
Həkimlər reseptin xəstə tərəfindən anlaşılmamasını normal qəbul etsələr də, bu işdə əczaçıların üzərinə böyük yük düşdüyünü deyirlər.
TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyir ki, yaxın zamanda kağız reseptlərə əlvida deyəcəyik və dərmanlar elektron reseptlərlə təyin olunacaq. Apteklərdən də dərman vasitələri elektron reseptlərlə alınacaq. Bu proses isə rəqəmsallaşdırma tam başa çatdıqdan sonra tətbiq olunacaq.
- Baxış: 587