Molla rejimi təzyiq altında saxladığı xalqın rifahını təmin edə bilmir. Ölkəni bürüyən sosial-iqtisadi problemlər getdikcə daha da dərinləşir. İranda artıq qida çatışmazlığı müşahidə olunur. Həmçinin yanacaq sarıdan qıtlıq var.
İranın Sistan-Bəlucistan əyalətində yanacaq və çörək tələbatı ödəmir. Parlamentdə İranşəhri təmsil edən deputat Əbdül Naser Derəxşənin sözlərinə görə, əyalətin müxtəlif yerlərində yanacaqdoldurma məntəqələri və çörəkbişirmə sexlərinin qarşısında uzun növbələr yaranıb. Məlumata əsasən, əyalət sakinləri üç saat çörək növbəsində dayanır, yanacaq növbəsi isə üç kilometrə çatır. Əyalət rəsmiləri isə bu məlumatları təkzib edirlər. İran üzrə ekspert Dalğa Xatınoğlunun sözlərinə görə, 2021-ci ildə İran 2020-ci illə müqayisədə 3 dəfə artıq həcmdə buğda idxal edib. 2022-ci ildə isə ölkədə istehsal artmasa da, buğda idxalı azalıb və beləliklə də defisit yaranıb. İrana idxalın azalmasında sanksiyaların ciddi rolu var.
2022-ci ildə İranın həm neft, həm də qeyri-neft məhsullarının ixracından əldə etdiyi gəlir kəskin artsa da, bu, əhalinin rifahına öz müsbət təsirini göstərməyib. Bunun əsas səbəbi kimi ölkədə korrupsiyanın mövcudluğu, idarəetmənin düzgün qurulmaması göstərilir. İranın milli vlayutası günbəgün dəyərdən düşür, inflyasiya artır, xalqın isə güzəranı pisləşir.
Ölkə daxilindəki böhranlı vəziyyət, eləcə də xarici təzyiqlər, tətbiq olunan sanksiyalar İran iqtisadiyyatına getdikcə daha ağır zərbələr vurur. İqtisadi və sosial problemlərin dərinləşməsi isə onsuz da rejimdən narazı olan xalqın hakimiyyətə qarşı aqressiyasını bir qədər də artıracaq.
- Baxış: 301