Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinikanın binasında tavan çöküb. Təxminən səhər saat 11 radələrində baş verən hadisədə laboratoriya otağında tavanın torpaq qatının bir hissəsi qopub və tavana vurulan lambirinlərlə birlikdə yerə tökülüb. Binanın beton hissəsində heç bir problem yoxdur. TƏBİB-dən verilən məlumata görə Nizami Ailə Sağlamlıq Mərkəzinin Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı tibbi personal otaqda olub, ancaq xəsarət alan olmayıb. Tibbi heyət və pasiyentlər təhlükəsizlik məqsədilə təxliyə olunublar. Sovet dönəmindən qalan tikilidə bir neçə il öncə təmir-bərpa işləri aparılsa da, bina demək olar ki, istismar müddətini başa vurub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla, mərkəz fəaliyyətini davam etdirir.
- Baxış: 375