• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 15.03.2022 15:46

Azad edilən ərazilərdə bu il 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır

KepezTV Player

"Qaradağ Günəş Elektrik Stansiyası ixrac imkanlarımızı da genişləndirəcək".Prezident İlham Əliyev Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib ki, bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür.Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir və elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. "Bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir.Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaq. Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik" - deyə dövlət başçısı vurğulayıb. Prezident işğaldan azad edilmiş ərazilərdə böyük potensialın olduğunu, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqların getdiyini də bildirib.

İlham Əliyev Azərbaycan Prezidenti : Bildirməliyəm ki, işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərmişik. Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.

Suhail Al Mazrouei Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri: Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri öz qarşısına qoyub. Biz Birləşmiş Ərəb Əmirlikləri də eyni məqsədi öz qarşımıza qoyuruq. Biz də 2030-cu ilə qədər həmin həcmin 30 faizə qədər artırılmasını planlaşdırırıq.Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkəti təmiz enerjiyə aid geniş gündəliyin icrasında Azərbaycana birbaşa xarici sərmayələrini və dəstəyini davam etdirməyi səmimiyyətlə arzulayırlar və biz tərəfdaşlığımızı daha da gücləndirmək üçün daha böyük imkanları araşdıracağıq.Mən şəxsən Azərbaycanın strateji mövqeyinə, Zati-aliləri, Sizin müəyyən etdiyiniz planlara görə təşəkkürümü bildirirəm. Azərbaycan nəinki Avropaya ənənəvi enerji daşıyıcılarını, o cümlədən təbii qazını, eləcə də təmiz enerji mənbələri və hidrogen sayəsində istehsal olunan enerjini gələcəkdə ixrac edəcək. Birgə işləyərək biz hamımız üçün daha yaşıl və dayanıqlı gələcəyi qurmaq məqsədilə təmiz enerji layihələrinin icrasını davam etdirəcəyik.