Gənclər və İdman Nazirliyinin “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində Gəncədə növbəti görüş keçirilib. Bu dəfə Gəncə İdman Liseyində Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və onun tələbəsi, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionatının bürünc medalçısı Əli Əlizadə məktəblilərlə bir araya gəliblər. Hər iki qonaq karyeraları, əldə etdikləri uğurlar, yunan-Roma güləşinin sirləri barədə fikirlərini bölüşüblər. İdmanla məşğul olmağın sağlamlıqla yanaşı, pis vərdişlərdən uzaq durmaq baxımından da önəmli olduğu diqqətə çatdırılıb. Mehman Allahverdiyev və Əli Əlizadə şagirdləri maraqlandıran, bilmək istədikləri sualları da cavablandırıblar. Sonda həm məşqçi, həm də idmançının idman fəaliyyəti videoçarx vasitəsilə nümayiş etdirilib.
- Baxış: 539