• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 03.11.2021 20:32

Şəhidlərin xatirəsi yad edilib

KepezTV Player

Vətən müharibəsinin hər günü Azərbaycan xalqının tarixinə şanlı zəfər kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əsgərləri, bu millətin qəhrəman övladları 30 ilə yaxındır davam edən işğala son qoydular. Onlar öz qanları, canları ilə yeni tarix yazdılar. Tarix yazanlar isə heç vaxt unudulmurlar..

Gəncədə Məhəmməd Hüseyn Şəhriyar adına 40 saylı tam orta məktəbdə 44 günlük vətən müharibəsində şəhid olan igidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Məktəbin Birinci Qarabağ və Vətən müharibələrində şəhid olan məzunların qəhrəmanlığından söz açılıb. Təhsil ocağında şəhidlərin xatirəsini əbədiləşdirmək üçün guşə yaradılıb. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, şəhər təhsil idarəsinin əməkdaşları və məktəbin kollektivi iştirak edib.

Vilayət İbrahimov şəhid atası: Oğlum şəhid Vüsal Vilayət oğlu Məmmədov vətən uğrunda döyüşlərdə şəhid olub. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, Allah şəfalarını versin deyirəm. Dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə verilən dəstəyə görə minnətdaram.

Süranə İsmayılova şəhid anası: Çox qürur hissi keçirirəm. Mənim balam 15 il vətəninə can qoydu.Balam vətənini sevdi. Torpağını azad etdi. BMP komandiri idi. 3 övladı var idi. Buna baxmayaraq o vətənin seçdi.Anasından çox vətənini sevdi. Dedi qoy millətim azad olsun. Millətim yaxşı yaşasın.

Tədbirdə şagirdlərin iştirakı ilə kompozisiyalar nümayiş etdirilib, şeirlər səsləndirilib.

Teymur Hacızadə şagird: Mən bunu demək istəyirəm ki, Allah şəhidlərimizə rəhmət eləsin.Mənim babam da şəhiddir.Biz onların sayəsində torpaqları aldıq.

Lalə Babayeva şagird: Şəhidlərimizə, qazilərimizə borcluyam.Çünki bizim hər birimiz 30 il bu həsrətlə yaşamışıq.Sonda bu həsrətin bitməsi bizim üçün çox sevinclidir. Düzdür bizim üçün 44 günlük müharibə bizim üçün çətin oldu. Nə qədər şəhidlər verdik. Çox insanlar əllərindən qollarından canlarından oldular. Ancaq vətən üçün dəyər deyirik.

İlqar İsayev şagird: Bu cür tədbirlərdə iştirak etmək mənim üçün çox əhəmiyyətlidir. Bütün şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə şəfa.

Torpaq, uğrunda ölən varsa Vətəndir..Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdi ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! Zəfərə gedən yolun hər addımında şəhid verildi, minlərlə gənc Vətəndən pay olmayacağını Vətən torpağı ilə bütünləşərək sübuta yetirdi.

Valeh Anaroğlu