Gəncədə Türkiyə vətəndaşına qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 3 nəfərlik dəstə törədikləri cinayətdən qısa müddət sonra yaxalanıblar.
Sentyabr ayının 20-i gecə saatlarında Türkiyə vətəndaşı Rəcəb Pəhlivan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman tanımadığı şəxslərin onu saxladaraq deşici alətlə hədələyib, 428 manat nağd pulunu quldurluq yolu ilə ələ keçirdiklərini bildirib. Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının dərhal birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon Qırılı kənd sakini, əvvəllər soyğunçuluq əməlinə görə məhkum olunmuş Rasim Tağıyev, həmkəndlisi Kənan Abbasov və tanışı, Sumqayıt şəhər sakini Ramin Sadıqov ilə birlikdə sonuncuya məxsus “Mercedes” markalı avtomobil ilə yük avtomobilində hərəkətdə olan, Türkiyə vətəndaşı Rəcəb Pəhlivanı texniki nasazlıq bəhanəsi ilə işarə edərək saxladıblar. Daha sonra Abbasov əlindəki buraçla Pəhlivanı öldürəcəyi ilə hədələyən zaman Rasim Tağıyev onun cibindən 428 manat nəğd pulu götürərək oradan uzaqlaşıblar.
Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 843