Vətən müharibəsində qanıyla, canıyla tarix yazan igidlərimizdən biri də Samux rayonu Çobanabdallı kənd məktəbinin müəllimi Həsən Məmmədlidir. Şəhidimiz əziz xatirəsinin uca tutulması, əbədi yaşadılması üçün yaşadığı kənddə xatirəsinə bulaq kompleksinin açılışı olub. Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, ailə üzvləri, yaxınları, kənd sakinləri iştirak ediblər. Tədbirdə müzəffər ali baş komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun 30 illik işğala cəmi 44 gün ərzində son qoymaqla dünyaya səs saldığı vurğulanıb, Vətənin bütövlüyü naminə son damla qanına kimi mübarizə aparan igid oğulların xatirəsinin qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhid Həsən Məmmədlinin Çobanabdallı kənd tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işini yarımçıq qoyaraq cəbhəyə könüllü yollanmasından, döyüş yolundan danışılıb. Laçın uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
- Baxış: 608