Vətən müharibəsində qaynar nöqtələrdə olub Azərbaycan həqiqətlərini dünyaya çatdıran türkiyəli jurnalist Fulya Öztürk yenidən şəhərimizdədir. Film çəkilişləri ilə əlaqədar Gəncəyə qonaq gələn xanım jurnalist şəhər rəhbərliyi ilə də görüşüb.
Azərbaycan tamaşaçısı onu bu standaplarıyla tanıdı, sevdi. Vətən müharibəsində həyatını təhlükəyə ataraq qardaş xalqın yanında olmaq üçün öz istəyi ilə gəlmişdi Azərbaycana.
Hərbi jurnalist kimi indiyədək bir sıra müharibələrə şahidlik edən, dünyanın müxtəlif qaynar yerlərində olan Fulya Öztürk qeyd edir ki, acılar müqayisə edilməsə də, Azərbaycanda olduğu 40 gün ərzində gördükləri heç zaman yaddaşından silinməz. Vətən müharibəsində qazanılan zəfərə də şahidlik edən türkiyəli jurnalist “mən hər şeyi Gəncədə yaşadım” deyir.
“CNN Türk” telekanalının müxbiri Fulya Öztürkün Vətən müharibəsindəki xidmətləri sənədli filmlə əbədiləşdirilir. Gəncədə Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə işi olan “Fulya” filminin çəkilişlərinə başlanılıb.
Fulya Öztürk Gəncədə şəhər rəhbərliyi ilə də görüşüb. Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutduğu vaxt jurnalistin həmin gecənin dəhşətlərini bütün dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın təcavüzkar siyasətini bir daha sübuta yetirmiş olduğu vurğulanıb. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hazırladığı reportajlarla hər kəsin rəğbətini qazanan Fulya Öztürkə göstərdiyi bu fədakarlığa görə minnətdarlığını bildirib. Türkiyəli jurnalist təşəkkürnamə ilə təltif edilib və ona xatirə hədiyyəsi təqdim olunub.
- Baxış: 505