Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən beş il ötür. Ordumuz 4 günlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevincini yaşadıb. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin daha çox ərazi əməliyyat baxımından nəzarət altına düşüb. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə bir sıra hərbi qulluqçu Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.
- Baxış: 231