• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1858
— 20.02.2021 20:33

Fikrət Əmirovun anım günüdür

KepezTV Player

Bir bölgəni ayrı-ayrı insanlara görə, daha doğrusu, o yerin təbiətini, insanlarını, məişətini, yaşam qaydalarını, adətlərini əbədiləşdirən, sənətə çevirən sənətkarlara görə seçmək, sevmək. Bu mənada bütövlükdə xalqdan gələn, xəlqiliklə yoğrulan Fikrət Əmirov musiqisi insanı Gəncə haqqında düşünməyə sövq edir. Yaxud ümumiyyətlə heç nə fikirləşməyib dinləməyə, sadəcə susub qulaq asmağa, ruhu, ağrını, əzabları, həsrəti və gözləntiləri bu əsrarəngiz musiqinin ixtiyarına buraxmağa vadar edir.

Gəncə məclislərində Məşədi Cəmilin müşayiət etdiyi Məşədi Məhəmməd Fərzəliyev, Malıbəyli Həmid, Musa Şuşinski, sonralar isə Bülbül və Seyid Şuşinskinin musiqisini eşidərək göz açıb dünyaya Fikrət Əmirov. Uşaqlığından tarın səsini lay-lay kimi eşidən bəstəkar Üzeyir Hacıbəyli məktəbinin davamçısı xalq musiqisini təməl olaraq qəbul edir.

Briliant İsmayılzadə musiqi müəllimi:Fikrət Əmirov adına 1№ li musiqi məktəbində 47il müəllimə işləmişəm fortepiano şöbəsində.Məktəbdə hər rübün axrında konsert olurdu uşaqlar hər konsertdə “12 Miniatür”, “Uşaq lövhələri” Fikrət əmirovun əsərlərindən çalırdılar.Çox sadə başa düşülən əsərlərdir.

Bəlkə əslində, Fikrət Əmirovun əsərlərindəki qeyri-adi sevginin də, azad qadının da bir səbəbi elə Nizami poemalarındakı sevgi, Məhsəti rübailərindəki cəsarətdir. Fikrət Əmirovun Cəfər Cabbarlının pyesi əsasında yazdığı “Sevil” operası ilə çağdaş terminlə desək, qeyri-adi bir “bum” yaşadı Gəncə.

Elçin Elçiyev əməkdar artist drijor: Fikrət Əmirov böyük dahi Nizaminin 800 illiyi ilə əlaqədar olaraq Nizami simfoniyasını yazmışdır, simli alətlər üçün. Bu əsər bir çox ölkələrdə böyük drijorların ifalarında səslənmiş, və böyük uğurlar qazanmışdır. Fikrət Əmirovun yaradıcıllığında 1953-cü ildə bəstələdiyi “Sevil” operası çox önəmli yer tutmuşdur.Sevil operasının ilk premiyasında görkəmli muğənnimiz Rəşid Behbudov baş rolda iştirak etmişdir.

Fikrət Əmirov sənətinin ən başlıca uğuru bəstəkarın fitri istedadı, intellekti, xalq musiqisinə bağlılığı ilə yanaşı yenilikçi olması və müasirliyini xüsusi qeyd etmək lazımdır. Dünya simfonizmində analoqu olmayan simfonik muğam janrını yaratmaqla musiqimizdə yeni bir yolun təməlini qoymuş oldu.

Elçin Elçiyev əməkdar artist drijor:Eyni zamanda Fikrət Əmirov Azərbaycanda və dünyada simfonik muğamın janrını qoymuşdur. ”Şur” və “Kürd Ovşarı” simfonik muğamları ilə bu musiqinin əsasını qoymuş,və bu musiqi dünyanın bir çox şəhərlərində səslənmiş və böyük uğur qazanmışdır.Bizimdə flarmoniyamız böyük sənətkarımızın adını daşıyır.

Fikrət Əmirov musiqisinin qeyri-adiliyi həm də ondadır ki, bütün ağrılı mövzular belə onun melodiyasının təsiri ilə rahat qəbul olunur, ruh oxşayır. Kədərli mövzuları da bədbin melodiya ilə təqdim etmir dinləyicisinə. Əslən Gəncədən olan, amma taleyin qəribə və qəliz gedişi ilə ömrü Gəncədən uzaq düşən bəstəkarın bu gün anım gündür. Ölümündən 37 il ötür.