• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 19.02.2021 15:23

Uşaqlarda keçid dövrü nədir və bunu necə uğurla başa vurmaq mümkündür?

KepezTV Player

Yeniyetməlik dövrü insanın ən çətin psixoloji mərhələlərindən hesab olunur. Psixoloji nöqteyi-nəzərdən bu mərhələ hər kəsdə fərqli keçir. Bu dövrdə yeniyetmələr özlərini təsdiq etmək, valideynlərindən asılı olmadan müstəqil davranmaq, kütlədən seçilmək istəyirlər. Elə bu zaman da bəzən yeniyetmələrin şəxsi həyatlarında, eləcə də valideynləri ilə münasibətlərində ciddi problemlər özünü göstərməyə başlayır. Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin  beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar,  lakin  yeniyetməlik  dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq  olmaz. Müxtəlif amillərin təsiri altında əmin yaş dövrü bir il tez və ya gec başlaya, yaxud əksinə, bir il və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında  baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri uşağın öz "mən"ini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən daha düzgün hesab etməsidir. Valideynlə yeniyetmə övladı  arasında ən kəskin konfliktlər  daha  çox  erkən yeniyetməlik dövrünə təsadüf edir.Bu  dövrün özəlliyi  ondan ibarətdir ki,  valideyn övladının böyüməsindən xəbərsizdir. O  həmişəki tələbkarlığı  edir,  amma  əvəzində  etiraz görür. Ata-ana çaşqınlığa düşür və nə edəcəyini bilmir. Valideynlərə  bu məsələni kimsə xatırlatdıqdan  sonra  sanki onlar ayılırlar. Yeniyetməlik dövrünu "dönüş dövrü" və "böhran dövrü" də adlandırırlar.  Sözsüz ki,  bu adlar çoxluğunun yaranması tamamilə təbii  xarakter  daşıyır.  Ata-ana  bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə ilk  növbədə özləri bu keyfiyyətlərlə ona nümunə olmalıdırlar. Bir ailədə ki, valideynlər övladlarına qarşı şiddət və zorakılıq nümayiş etdirirlər, təbii ki,  o ailədə böyüyən uşaqlarda mənəvi-psixoloji  travmalar yaranması ehtimalı  çoxdur. Yeniyetməlik kimi keçid bir dövrdə komplekslər yaranır və bu da yeniyetmələrin davranışına mənfi təsir göstərir. Bu zaman valideynlər diqqətli olmalı və övladlarına komplekslərini dəf etməyə kömək etməlidirlər.