Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur. Muğam sadəcə hansısa bəstəkar tərəfindən bəstələnmiş sadə bir musiqi və ya avaz deyil. O, insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif istiqamətli təsirlər göstərə bilən unikal bir vasitədir. Bəli, söylənildiyi kimi, bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza təsir edir. Əlbəttə, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır. Burada səsin gözəlliyi çox vacib amildir. Yaxşı deyiblər ki, muğamda dinləyicini ovsunlayan birinci amil ifaçının gözəl səsidir. Ruhu oxşayan ifa dinləyicinin qəlbində ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır. Muğam havalarının Muğanla bağlı olması görkəmli filosof-şair Nizami Gəncəvinin “İqbalnamə” əsərində də öz əksini tapıb: “Müğənni, qədim bir hava çal, muğlar kimi bir muğan havası çal”. İskəndərin yeddi filosofla xəlvətə çəkilməsi səhnəsində şairin yenə də muğam havasına işarə edərək onu qədim hava adlandırması bu fikri bir daha təsdiq edir. Azərbaycan muğamı bu əsrin əvvəlinə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edib, mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilib. Bu gün Ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, “Muğam Azərbaycanın milli sərvətidir”, - deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, - söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır. Dövlət başçısının Sərəncamı əsasında Beynəlxalq Muğam Mərkəzinin inşası, beynəlxalq musabiqələrin keçirilməsi, kompakt disklərin hazırlanması, elmi simpoziumların təşkili və eyni zamanda, muğamın YUNESKO səviyyəsində təbliği muğama olan marağı artırır, insanların, xüsusilə də, gənc nəslin muğama münasibəti yaxşılığa doğru dəyişir.
- Baxış: 8521