Sərhədçilərin keçirdikləri tədbirlər nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr qanunsuz dövriyyədən çıxarılıb. Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Füzuli rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması diqqəti cəlb edib. Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Həmin şəxs öz hərəkətlərini maskalamaq məqsədilə hadisə yerinə öz ailə üzvləri ilə gəlib. Onun Qazax rayon sakini 39 yaşlı Məmmədov Xəyyam Camal oğlu olduğu müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr aşkarlanaraq götürülüb. **Bundan başqa, Xəzər dənizinin cənub istiqamətində sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasitəyə oxşar maddələr aşkarlanıb. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 539