Pulun müasir dövrdəki əhəmiyyətini heç kim inkar etmir. Bir çoxları iddia edir ki, pulun çox olması insanın daha da xoşbəxt olmasına səbəb olur. Elə biz də öz xoşbəxtliyimizi daha da artırmaq üçün daha çox pul qazanmaq və xərcləmək istəyirik. Məşhur mağazalardakı paltarlara, eynəklərə pul xərcləmək bir çoxlarının, ələlxüsus da qadınların ən məşhur hobbilərindən hesab olunur. Digər tərəfdən, bir çox araşdırmaların nəticələrinə əsaslanıb demək olar ki, təməl ehtiyaclarını qarşılaya bilən, kənara yaxşı miqdarda pul qoya bilən insanlarla milyarderlər arasında xoşbəxtlik baxımından haradasa fərq yoxdur. Çünki pul xoşbəxtlik gətirir. Ancaq doğru xərclədikdə. Bəs ümumiyyətlə, pulu qazanmaq, yoxsa xərcləmək daha çətindir? Hansı məqamda daha diqqətli olmalıyıq? pul qazanarkən, yoxsa xərcləyərkən?
Pul kisənizə hər gün 24 saat ərzində təsir edən düşmən reklamdır. Bu reklamla “sən buna layiqsən” prinsipinə əsaslanaraq “AL” təklifi verməklə ürəyin ən yaralı yerlərinə toxunurlar. Siz də xilas olmaq ümidi ilə alırsınız, lakin nə xilas yolu görünür, nə də pul tapılır.
Pulun idarə edilməsi böyük bir elmdir. Amerikanın məşhur psixoloqu Alan Fromm qeyd edib ki, xərcləmək bacarığı istəklərimizi nəzarət altında saxlamaq bacarığımızı əks etdirir. Bu bacarığa isə uşaq vaxtı yiyələnmək lazımdır. Bəs pulu daha çox nəyə xərcləyirik? Əslində bu sualla bağlı konkret bir araşdırma nəticəsi ortada olmasa da, ümumi tendensiya bəzi həqiqətləri ortaya qoyur.Məsələn: Qadınlar daha çox pulu makiyaj, ayaqqabı, geyimə xərclədiyi halda kişilər müxtəlif tütün məmulatları, icki, şans oyunaları və avtomobilə xərcləməylə yanaşı investisiyalarını artırmaq, pullarına pul qatmaq üçün yeni layihələrə meyl edirlər. Yəni onlar pulu həm də bir vasitə kimi görürlər. Anlaşılan odur ki, pul qazanmaq bacarıq, qabiliyyətdirsə pul xəcləmək elm hesab olunur. Elmli olaq ki, gələcəyimiz təminatlı olsun.
- Baxış: 754