Əslən Kəlbəcərdən olan, şəhid Samir Bayramovun da ürəyi yurd həsrəti ilə döyünürdü. İgidimiz ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidimiz dünyaya göz açanda dədə-baba yurdu olan Kəlbəcər artıq 3 il idi düşmən tapdağı altında idi. Şəhid atası deyir ki, bir gün torpaqlarımızın azad olacağına əmin idik. Amma sonbeşik övladının Vətən müharibəsinə öz qanı ilə tarix yazacağı ağlına belə gəlmirdi.
“Nə qədər yaxşı yaşasaq da öz torpağımı, evimi istəyirəm. O yurdu mənim oğlum kimi igidlər qanları bahasına aldılar.” Bunu isə oğuldan Vətən üçün pay verən ana deyir. Samir əks hücum əməliyyatları başlayanda ailəsinə zəng edərək bildirib ki, ən böyük arzusu Kəlbəcərdəki evlərinə getmək, orada şəkil çəkdirib ailəsinə göndərməkdir. Təəssüf ki, igid oğul Kəlbəcərin işğaldan azad olunduğu günü görə bilmir.
Qucağın dünyanın isti qucağı Laylayın bülbülün avazlı səsi Kədərli dünyamın xoş bir nəşəsi Gecələr yuxuma qonaq gəl ana. Bu, Samirin ölümündən sonra şəxsi əşyaları arasından çıxan bir şeir parçasıdı.. Sətirləri oxuyandan sonra qarşısında baş əydiyimiz şəhid analarının necə mətin dayandığını bir daha anladım.
Şəhidlik ünvanı əbədiyyət olan zirvədir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar ölümün gözünə dik baxırlar. Bu gün Vətən övladlarının qanı bahasına Qarabağımızda 3 rəngli bayrağımız dalğalanır.
Nərgiz Əhmədqızı
- Baxış: 153