Mənfur ermənilərin oktyabrın 11-də gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən şəhər sakinlərindən 3-ü veteran futbolçudur. Onlar ayrı-ayrı vaxtlarda “Kəpəz”də çıxış ediblər.
Söhbət sabiq yarımmüdafiəçi Emin Mustafayev, eks müdafiəçilər Sahil Abdullayev və Samir Allahverdiyevdən gedir. Mustafayevlə Abdullayev partlayış baş verən binada, Allahverdiyev isə qonşuluqda yaşayıb.
Hadisə nəticəsində Emin Mustafayev və Sahil Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar, yaşadıqları mənzillər yararsız hala düşüb. Mustafayev xilasedicilər tərəfindən elə dağıntılar altından çıxarılıb.
Erməni təxribatı zamanı Samir Allahverdiyevin özünə heç nə olmasa da, ailə üzvləri yaralanıb, evi ciddi zərər görüb. Amma baş verənlər onun mübariz ruhunu sarsıtmayıb.
Bu trio “Kəpəz”lə yanaşı, Azərbaycanın müxtəlif klublarında da oynayıb. 52 yaşlı Emin Mustafayev “Şəmkir”, “Pambıqçı” Bərdə, 51 yaşlı Sahil Abdullayev “Şəmkir”, “Dinamo” Bakı, “Bakılı”, 40 yaşlı Samir Allahverdiyev isə “Şəfa”, MOİK və Gədəbəyin “Narzan” klublarının şərəfini qoruyub.
- Baxış: 267