Abşeronda quldurluq edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olundular.
Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini Paşayeva soyadlı qadın bildirib ki, sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə getmək məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşib. Kənd ərazisində sürücü və digər sərnişin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alaraq hadisə yerini tərk edib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini Samir Mehralıyev və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci - quldurluq maddəsi ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1346