Baş prokurorluq Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə deportasiya olunmuş, Azərbaycan ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə təqsirləndirilən şəxs Elvin İsayevlə bağlı məlumat yayıb. İstintaqla müəyyən edilib ki, İsayev hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşan Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə əlbir olaraq, Azərbaycanı tərk etdikdən sonra müvəqqəti məskunlaşdığı Sankt-Peterburqda “youtube” və “facebook” sosial şəbəkələrində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlədib. Azərbaycan vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib. Elvin İsayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işi üzrə istintaq yekunlaşdırılıb, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər beynəlxalq axtarışa verilib, müvafiq qərarlar icra edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, həmçinin “İnterpol”-un Milli Mərkəzi Bürosuna göndərilib.
- Baxış: 1151